2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Nəsimi rayonunda İvan Turgenev, Sübhi Salayev, İbrahim Əbilov, Hənifə Ələsgərov, Abbasqulu Ağa Bakıxanov, Bəsti Bağırova küçələrində və Tbilisi prospektində yaşayan seçicilər ilə görüş keçirilib.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Nadir İsmayılov, Aydın Talışınskiy, Ata Babayev və İbrahim Kazımbəyli çıxış ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq Qələbəsi, ədalətin təntənəsidir.
Natiqlər Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən Lider olduğunu bildirib, seçiciləri qalib ölkənin qalib Liderinə səs verməyə dəvət ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.