Xəbər lenti
Dəmir yumruq » Manşet » Dövlət Başçısının səsləndirdiyi fikirlər hər bir Azərbaycanlını qürurlandırdı.
Manşet / Siyasət / 4-01-2024, 10:35

Dövlət Başçısının səsləndirdiyi fikirlər hər bir Azərbaycanlını qürurlandırdı.

 

Tarixi qələbələrlə yaddaşımızda qalan 2023-cü il artıq başa çatdı. Geridə qoyduğumuz il ölkəmiz üçün mühüm tarixi nailiyyətlər, həm də tariximizə zəfər, qürur dolu səhifələrlə yazıldı. Əlbəttə ki, bunların ən önəmlisi ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunması idi. Bu gün Azərbaycan Bayrağı Xankəndi, Xocalı, Xocavənd və işğaldan azad olunmuş digər ərazilərimizdə qürurla dalğalanır. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və qətiyyətli siyasət nəticəsində qəlbəmiz, dövlətçiliyimiz, müstəqilliyimiz günbəgün daha da güclənir. Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədalətin bərpasının müstəsna rolu var. Cənab prezidentin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə müraciətində dediyi kimi “Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır”. “Heydər Əliyev İli” çərçivəsində qazandığımız bu tarixi nailiyyətlər əbədi olaraq şanlı səhifə kimi xatırlanacaqdır. 44 günlük müharibədə Qələbə qazanaraq yeni gerçəkliklər yaradan – Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nın müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsi ilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində ötən ilin ölkəmizin həyatında ən önəmli hadisə respublikamızın suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını xüsusi olaraq vurğulayaraq eyni zamanda milli yaddaşımıza tarixi çağırış etdi.

Bu xüsusda ən vacib məqam təbii ki, yuxarıda qeyd etdiyimiz kimi 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə Dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Cənab prezident qeyd etdiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Ötən il birgünlük antiterror tədbirlər nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə bayrağımızı ucaltması və Xankəndinin mərkəzi meydanında keçirilən Zəfər paradı Azərbaycanın qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan ordusunun göstərdiyi yüksək peşəkarlıq, qəhrəmanlıq, fədəkarlıq sayəsində qazanılmış növbəti Zəfərlə şəhidlərimizin qisası alındı, onların vətən uğrunda can verdikləri torpaqlarımızda suverenliyimizin bərqərar olunması, Azərbaycan Bayrağının Vətən səmasında böyük məğrurla dalğalanması tariximizin ən şanlı səhifələrindən birinə çevrildi.

Azərbaycan Prezidentinin bayram müraciəti eyni zamanda milli maraqların təmin olunması baxımından həm də mühüm həmlə xarakteri daşıyır. Xüsusən ikili standartlarla yaşayan Qərbə və Ermənistan rəhbərliyinə ünvanlanan xəbərdarlıq fonunda Azərbaycanın güc və imkanları bir daha ön plana çıxmış oldu. Ölkə prezidentinin dediyi kimi adı çəkilən subyektlər, xüsusilə də Ermənistan rəhbərliyi bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.

2023-cü il həm də ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə də yadda qaldı. Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı bu konteksdə də bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. Prezidentin çıxışında önəmli məqamlardan biri işğaldan azad olunmuş ərazilərə insanların köçürülməsi ilə bağlı idi. Cənab prezident 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını vurğuladı və qeyd etdi ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Prezidentin xalqa müraciətində verdiyi bu müjdə əslində 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir.

Bütün bu nailiyyətlər, uğurlar müzəffər liderimizin ifadə etdiyi kimi: “Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.