Xəbər lenti
Dəmir yumruq » Manşet » 8 kəndimiz azad ediləcək: Paşinyan bunu anlamalıdır
Manşet / Siyasət / 30-12-2023, 11:12

8 kəndimiz azad ediləcək: Paşinyan bunu anlamalıdır

 

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib ki, sabiq Ermənistan SSR ərazisindəki Azərbaycan anklavları məsələsi iki dövlət arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı işlər çərçivəsində nizamlanmalıdır.

"Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya proseslər anklavlarla bağlı suallara cavablar verəcəklər", - Q.Sanosyan deyib.

Mahiyyət etibarilə Q.Sanoyan Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Bakıda keçirdiyi brifinqdə söylədiklərini az qala sözbəsöz təkrarladı.

Bu isə o deməkdir ki, hazırda Ermənistan ərazisində işğal altında olan 8 kəndimizlə bağlı Bakı ilə İrəvan arasında anlaşma olmasa belə, həmin ərazilərlə bağlı məsələlərin gələcəkdə necə həll edilməsi ilə bağlı razılaşma var.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və münasibətlərin normallaşmasına yönəlmiş proses davam edir. Hadisələrin axarı göstərdi ki, Bakı ilə İrəvan birbaşa danışıqlarda vasitəçilərin olduğu görüşlərlə müqayisədə daha sürətli, effektiv nəticələr əldə edə bilirlər.

Ermənistan ərazisində hazırda işğal altında olan yaşayış məntəqələrimizə gəldikdə isə, onlar Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununa daxildir. Bu kənd də Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır.

Həmin yaşayış məntəqələrinin sahələri belədir:

1. Yuxarı Əskipara - 8.6 kv. km

2. Aşağı Əskipara - 9.1 kv. km

3. Baganıs Ayrım - 40 kv. km

4. Barxudarlı - 10.1 kv. km,

5. Sofulu - 22 kv. km,

6. Qızılhacılı - 11 kv. km,

7. Xeyrimlı - 4.1 kv. km,

8. Kərki (Naxçıvan MR) - 19.2 kv. km.

Anklav kəndlərimiz Ermənistanın Tavuş və Ararat vilayətlərinin əhatəsində yerləşir. Bu yaşayış məntəqələri 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub. İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Onlar Qazax rayonu ərazisində məskunlaşdırılblar.

Anklavlar sovet dövründə yaranıb. Bu gün Azərbaycan həmin kəndlərin haqlı olaraq qaytarılmasını tələb edir. Əgər Ermənistan ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, bu əraziləri də qeyd-şərtsiz təhvil verməlidir. Azərbayan dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır. Azərbaycanın bu haqlı mövqeyinə beynəlxalq səviyyədə də dəstək verilir.

Xatırladaq ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən ayın əvvəlində Ermənistanın işğalı altında olan Azərbaycanın 8 kəndinin qaytarılması məsələsinə toxunaraq bildirmişdi ki, bu kəndlərlə bağlı məsələ delimitasiya çərçivəsində həll olunmalıdır: “Bu kəndlərin statusu ilə bağlı Ermənistanda da müxtəlif fikirlər var. Delimitasiya prosesi zamanı bu məsələlər öz həllini tapmalıdır”.

Ermənistanın Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kəndlərin Azərbaycana məxsusluğunu sual altına qoyması rəsmi İrəvanın hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Xatırladaq ki, bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq postmünaqişə dövründə Azərbaycanın yaratdığı reallıqları Avropa İttifaqı da qəbul edir.

Ermənistanın faktiki işğalındakı yaşayış məntəqələrinin azad edilməsi və Azərbaycana qaytarılması beynəlxalq hüquq çərçivəsinlə baş verəcək prosesdir.

Erməni revanşistlər, ifrat millətçilər və irqçilik xəstəliyinin daşıyıcısı olan şəxslər bunun mümkün olmadığını, kəndlərin azad edilməsinin "Ermənistanın ərazilərinin itkisi" olduğunu desələr də, belə aqressiv ritorikanın heç bir perspektivi yoxdur.

Baş nazir Nikol Paşinyan hakimiyyətinin diplomatiyası nə qədər diletant və yarıtmaz, rəsmi İrəvanın xarici güc mərkəzlərindən asılılığı nə qədər güclü olsa da, bölgədə fasiləsiz gərginlik və risklərin azalmaması şəraiti ermənilərin gələcəyini təhdid altına alır.

Bakı ilə İrəvan arasında sülh sazişi, habelə şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası bütün problemlərin həlli olmasa da, Ermənistanı ciddi çağırışlardan və faktiki kollapsdan qoruya bilər.

Azərbaycana məxsus 8 kəndlə bağlı məsələ indi İrəvanı yeni ritorika axtarışlarına və sülh sazişinin imzalanması prosesində süni maneələr yaratmağa sövq ediliməsi üçün kənar qüvvələrə bəhanədir.

Vəziyyətin gərginləşdirilməsində Fransanın rolu çox böyükdür.

Rəsmi Paris indi İrəvanı yeni qarşıdurmaya və Bakı ilə mümkün qədər sərt məcrada təmaslara təhrik etməyə çalışaraq Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxilə etməkdədir.

Regional geosiyasi konfiqurasiyalara kobud təsir etməklə mənfəət əldə etməyə çalışan sadəcə, Fransa deyil: bir neçə dövlət də Cənubi Qafqazda süni gərginlik yaratmaqla merkantil hədəflərə çatmaq, məqsədlərini reallaşdırmaq istəyirlər.

Halbuki yaşananlar, xüsusilə də bölgədən çox uzaq dövlətlərin proseslərə uğursuz müdaxilə cəhdləri təhrik və sövqetmə taktikasının məntiqi nəticə vermədiyini dəfələrlə göstərib.

Cənubi Qafqazda sülh və stabilliyin yolu Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasından, habelə Ermənistandakı kəndlərin Azərbaycan yurisdiksiyasına qaytarılmasından keçir.

Bu, sülh, inkişaf, təhlükəsizlik yoludur.

Yerdə qalanlarsa isə yolu qapatmağa çalışanların irəli sürdükləri boş iddialardır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.