Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 20 ildə əsrə bərabər inkişaf yolu keçib
Manşet / Siyasət / 23-12-2023, 07:37

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 20 ildə əsrə bərabər inkişaf yolu keçib

 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən yürütdüyü müdrik daxili və xarici siyasət qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində yenidən ona etimad göstərdi. Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi.

Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün göstəricisidir. O, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi ki, bu da onun yüksək liderlik keyfiyyəti ilə bağlıdır. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurları istinad nöqtəsini təşkil edir.

Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Bu müddət ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafına nail olunub, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, müasir ordu quruculuğu peşəkar səviyyəyə çatdırılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və bir çox sahələrdə nailiyyətlər qazanılıb. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı, qlobal təşəbbüslər bilavasitə ölkəmizin milli maraqlarının nəzərə alınması ilə reallaşdırılır.

 2003-2023-cü illər bütövlükdə tariximizə yüksəliş dövrü kimi daxil olub. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevrilmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.

Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar idealarından qaynaqlanır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 20 illik fəaliyyəti xalqa qətiyyətlə, cəsarətlə və sədaqətlə xidmət nümunəsidir. O yorulmaz fəaliyyəti, beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışları ilə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. İkili standartların hökm sürdüyü Qərbin siyasi dairələrində tariximiz və 30 illik acı taleyimiz haqqında obyektiv rəy formalaşdırmağa nail olub, erməni yalanlarını ifşa edib. Beynəlxalq münasibətlər tarixini dərindən bilməsi ona peşəkar siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazandırıb. Hazırda müstəqil Azərbaycanın tarixdə özünün ən qüdrətli dövrünü yaşaması məhz prezident İlham Əliyevin adı ilə bağlıdır.

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Möhtəşəm prezidentlik dövrünün zirvəsində isə təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapituliyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də onun diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə prezident İlham Əliyev xarici KİV-ə 30-dək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.

Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı geri qaytarmaqla Azərbaycanı qalib ölkəyə çevirməklə bərabər xalqımızın milli mənliyini, mənəvi ruhunu da yüksəltdi. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu böyük Zəfəri xalqımıza yaşadan prezident İlham Əliyev adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirmişdir. Bu gün Azərbaycan Bayrağı Şuşada, Xankəndidə, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində qürurla dalğalanır. Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarını işğaldan azad edib bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı. Tam əminliklə söyləyə bilərik ki, müstəqil, suveren Azərbaycan dövləti möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Dövlət başçısının sarsılmaz iradəsi və yorulmaz fəaliyyəti sayəsində doğma torpaqlarımızda nəhəng bərpa-quruculuq işləri aparılaraq Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, düşmən tapdağında əzilmiş, viran olunmuş, təbii sərvətləri talan edilmiş, ekologiyası məhv edilmiş ərazilərdə həyat yenidən canlanır.

Cənab İlham Əliyevin rəhbərliyinin ilk dövrlərindən başlayaraq bugünkü qüdrətli Azərbaycan naminə məqsəd və hədəflərə çatmaq üçün gərgin əməyi və müstəsna xidmətləri sayəsində ölkəmiz sürətli tərəqqi yolu keçir, bütün sahələrdə mühüm uğurlara imza atır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.