Qalib Azərbaycanda Zəfər dolu günlər bir-birini əvəz edir. Dekabrın 21-də bütöv, suveren Azərbaycanın azad Xankəndi şəhəri növbəti möhtəşəm tədbirə şahidlik edib. Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib.
Yenilənmiş, cəmi iki aya əsaslı təmir olunmuş, seperatçıların izləri, simvolikaları tamamilə silinmiş, məhv edilmiş başının üstündə haqq etdiyi müqəddəs üçrəngli bayrağımız dalğalanan Xankəndi tarixi bir ana, futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində elə adlarının rəmzi mənası düşmənin canına qorxu salan “Qarabağ” – “Mərkəzi Ordu İdman Klubu” komandalarının oyununa ev sahibliyi etdi. Təkcə stadiona toplaşmış azarkeşlər deyil, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları eyni anda eyni sevinci, eyni qüruru yaşadılar. İlk dəfə idi ki, işğaldan azad edilmiş torpaqlarımızda belə bir idman bayramı yaşanırdı. Tarixi yurd yerimizin əzəli və əbədi sakinləri müstəqil Azərbaycanın iki futbol komandasının qarşılaşmasına qürur hissi ilə şahidlik edirdi. Bu günü, bu oyunu unudulmaz edən isə əsrlər boyu vətənimizin ürəyində sağalmaz yara kimi kök atmış Qarabağ münaqişəsini canları bahasına birdəfəlik tarixin arxivinə göndərmiş qəhrəman oğullarımızın, müqəddəs şəhidlərimizin ruhlarına göstərilən dərin ehtiramın olması idi. “Qarabağ” – “MOİK” oyununu izləyənlərin ön sıralarında məqamları uca şəhidlərimizin ailə üzvləri, vətənin etibarlı gələcəyi, bizlərə əmanət olan şəhid övladları və torpaq uğrunda canlarından can əsirgəməyən igid qazilərimiz əyləşmişlər.
Oyundan öncə komandaların meydana şəhid övladları ilə birgə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların üçrəngli şanlı bayraqlarımızla bəzədilməsi çox qürurverici anlardır. Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır.
Prezident İlham Əliyevin Xankəndidə etdiyi çıxış Azərbaycanın tarixinə əhəmiyyətli bir səhifə kimi yazılacaq. Təbii ki, bu hadisəni sadə, sıradan bir idman yarışı kimi qiymətləndirə bilmərik. Matçın keçirildiyi məkandan da göründüyü kimi bu həm də tarixi və siyasi xarakter daşıyır. Matç öncəsi prezidentin səsləndirdiyi fikirlər, onun çıxışı eyni zamanda bütün dünyaya Azərbaycanın növbəti mesajı idi. Azərbaycan “Dəmir yumruq” siyasətinin davam etdirildiyini və öz torpaqları uğrunda hər zaman qətiyyətlə mübarizə aparmağa hazır olduğunu bir daha bəyan etdi. Bu baxımdan Xankəndidə bu idman oyununun keçirilməsini Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirmək olar.
Cənab prezidentin qeyd etdiyi kimi bu olduqca böyük tarixi hadisədir. “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!
Biz qalib xalq kimi doğma torpaqlarımızda bütün ənənələrimizi bərpa edirik.
Müzəffər Ali Baş Komandan çıxışı əsnasında bütün qarabağlılara bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacağının da müjdəsini verdi. Bütün bu bir-birindən möhtəşəm, qürurverici bayram tədbirləri bir daha sübut edir ki, dövlətinin, xalqının gələcəyini düşünən cənab İlham Əliyev əvəzolunmaz lider və tarixi şəxsiyyət kimi hər bir vədini reallığa çevirir, qalib Azərbaycanımızın imzasının imzalar arasında yüksəldilməsini, beynəlxalq arenada rolunun, dəyərinin daha da gücləndirilməsini qarşıya qoyur. Bütövlükdə hər günümüzün tariximizə uğur, zəfər səhifəsi kimi yazılması, verilən vədlərin reallıqda öz əksini tapması gələcəyə doğru daha böyük inamla addımlamağa stimul verir. Qarabağlı və Şərqi Zəngəzurlu bütöv Azərbaycanın qarşısında daha geniş üfüqlər açılır.