Xəbər lenti
Dəmir yumruq » Manşet » COP29 gələn il Azərbaycanda keçiriləcək
Manşet / Siyasət / 20-12-2023, 07:45

COP29 gələn il Azərbaycanda keçiriləcək

 

Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədirliyi ilə müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə çıxış edib.

Məlum olduğu kimi bir neçə gün bundan öncə ölkəmiz növbəti böyük uğura imza atmışdır. Belə ki, COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir. Azərbaycan dünyada qlobal təşəbbüslərin və beynəlxalq tədbirlərin təşkilatçısı kimi günü-gündən nüfuzunu daha da artırır. Və sözsüz ki, ölkəmizin qazandığı uğurlarda prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi dünya birliyi tərəfindən növbəti dəfə Azərbaycana göstərilən böyük etimad və hörmətin göstəricisi kimi dəyərləndirmək olar. Və eyni zamanda əminliklə deyə bilərik ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi üçün məhz Azərbaycanın məkan olaraq seçilməsi böyük uğurdur və təbii ki, qeyd etdiyimiz kimi bu eyni zamanda Azərbaycana olan etimadın və hörmətin göstəricisidir. Sözsüz ki, ölkəmiz buna layiqdir. Cənab prezidentin qeyd etdiyi kimi bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırıb.

Bu cür irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etmək sözsüz ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən gələcəyi qətiyyən şübhə doğurmur.

Burada başlıca məqamlardan biri COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı qərarın beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olması ilə bağlıdır. Başqa sözlə desək ölkəmizin COP29 konfransına ev sahibliyi yekdil qərarla təsdiqlənib. Bu isə təsadüfi deyil və bir sıra amillərlə bağlıdır. Bu amillərdən biri ölkəmizin beynəlxalq tədbirləri keçirilməsi ilə bağlı kifayət qədər təcrübəsinin olması ilə bağlıdır. Bu mənada sözügedən tədbirin Azərbaycanda keçirilməsi və Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heçkimdə şübhə doğurmayıb. Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə, “COP29 beynəlxalq konfransını biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq” fikrini əminliklə səsləndirməsi ilk növbədə məhz bu amillə bağlıdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətinə gəldikdə isə bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir.

Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Beynəlxalq birlik də bu həqiqəti, bu reallığı qəbul edir.

Ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi növbəti böyük uğur olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmli olacaqdır. Belə ki, indiyə qədər əsas etibarı ilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indidə özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Cənab prezidentin söylədiyi kimi “dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Beləliklə, dünyanın nəbzi yenidən Bakıda döyünəcək. Planetin gələcəyini yenidən müəyyənləşdirən COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin Bakıda keçirilməsi eyni zamanda ölkəmizin qlobal əhəmiyyətini və humanitar niyyətini dünyaya bir daha təsdiqləyəcək.

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.