12 dekabr müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günüdür.
Çoxəsirlik Azərbaycan tarixində əvəzedilməz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış dahi şəxsiyyətin fiziki yoxluğundan 20 il keçməsinə baxmayaraq, qədirbilən Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, onu daim ehtiram və minnətdarlıq hissi ilə yad edir. Zaman ötdükcə Heydər Əliyevin yaratdığı irsin, ideyalarının dəyərini, onun şəxsiyyətinin əzəmətini daha aydın anlayırıq.
Tarixə öz adını əbədi həkk etmiş bu nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu eyni zamanda yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ümummilli Liderin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərindəndir.
Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış və başlıca olaraq müstəqil dövlət quruculuğu kimi daxil olub. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məslələrdə dəfələrlə çətin sınaqlardan çıxmışdır.
Ulu Öndər deyirdi: Reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Həyatda fəaliyyətini bu prinsiplər əsasında qurmuş, millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev daim Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Qalib Azərbaycanın bugünkü qüdrəti və inkişafı Ulu Öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi, qətiyyətli fədakar əməyi, düşünülmüş və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müasir tariximizin şanlı və qürurverici səhifəsi olan Vətən müharibəsi zamanı qazandığımız tarixi Zəfər də bir daha bütün dünyaya böyük cəsarət və mübarizliklə sübut etdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsini sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gələrək öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur dahi öndərin dərin zəkasının, uzaqgörən və düşünülmüş siyasətinin təntənəsidir. Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır!
Doğma məmləkətimiz, qüdrətli Azərbaycanımız var olduqca xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin nurlu xatirəsi böyük ehtiram və minnətdarlıqla yad olunacaqdır!