Xəbər lenti
Dəmir yumruq » Manşet » 30 ildən sonra azad Qarabağa qayıdış
Manşet / Siyasət / 10-12-2023, 10:23

30 ildən sonra azad Qarabağa qayıdış

 

Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Forumda müxtəlif xarici ölkələrin nümayəndələri iştirak edib.

Cənab prezident ADA Universitetində keçirilən forumda çox böyük əhəmiyyət kəsb edən məsələlərə toxundu. 30 ölkədən gəlmiş 60 ekspertin qarşısında çıxış edən ölkə başçımız regionda baş verən hadisələr, Azərbaycan-Ermənistan məsələləri, sülh müqaviləsinin imzalanması və digər istiqamətdə hərtərəfli müzakirə obyekti olan mövzularla bağlı ətraflı şəkildə bəhs etdi və bir çox məqamlara aydınlıq gətirdi. Prezident çıxışında və verilən sualları cavablandırarkən müharibədən sonra yaranan reallıqlardan, vəziyyətdən danışdı, Ermənistanla münasibətlərin normallaşdırılması, habelə keçmiş məcburi köçkünlərin qayıdış prosesinin sosial, iqtisadi təhlükəsizlik və infrastruktur aspektləri ilə bağlı geniş və məzmunlu çıxış etdi. Forumda prezident İlham Əliyevin geniş məzmunlu çıxışı, prosesləri düzgün qiymətləndirməsi və dəqiq təhlilləri bir daha ciddi məqamlarla yadda qaldı.

Ölkəmizin başçısı İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqların fonunda Azərbaycanın regional əməkdaşlıq haqqında, habelə qeyri-regional aktorların destruktiv siyasətinə münasibəti barədə önəmli açıqlamalar verməklə, həm də Azərbaycanın gələcəyinə dair strateji baxışlarını bölüşdü. Üç saat davam edən forumda prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə aparan yolda əldə olunmuş nailiyyətlər haqqında, eləcə də ölkəmizin suverenliyini bərpa etmək imkanına hazırlıq barədə önəmli fikirlər səsləndirdi. Forumda dövlətimizin başçısı Qərbin bəzi siyasi dairələrinin təhrif etməyə çalışdığı mühüm məslələrə də toxundu və cənab prezident bir daha vurğuladı ki, qanunsuz erməni silahlı birləşmələrinin və seperatçı siyasi rejimin Qarabağdan çıxarılması ilə sülh yolunda dayanan ən çox maneə aradan qaldırılıb. Prezident İlham Əliyev nitqində səsləndirilən fikirlərdə eyni zamanda dünyaya bir sıra önəmli mesajlar ötürüldü.

Ölkə başçısı bir daha bütün dünyaya bəyan etdi ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Prezident qeyd etdi ki, regionda vəziyyətin dəyişməsi təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik – deyə prezident İlham Əliyev qeyd etdi.

Prezidentin müharibədən sonrakı vəziyyəti dəyərləndirməsi və bütün proseslərə geniş təhlil verməsi, Ermənistanla sülhə nail olmaq üçün addımlar atıldığını bəyan etməsi, sülhə mane olanları birbaşa adları ilə göstərməsi çox mühüm məsələ idi. Prezident açıq şəkildə bildirdi ki, əgər Ermənistan Qarabağdan qanunsuz silahlı birləşmələrini zamanında çıxarsaydı, seperatçılar öz dağıdıcı fəaliyyətindən əl çəksəydilər heç lokal antiterror tədbirlərinə də ehtiyac qalmayacaqdı. Bütün bu hadisələr Ermənistanın və ona havadarlıq edən bir çox dövlətlərin pozuculuq, separatçılıq niyyətləri nəticəsində baş verdi. Bununla belə cənab prezident bir daha qeyd etdi ki, biz sülh gündəliyinə sadiqik.

Bu gün Azərbaycan öz xarici və daxili siyasətini müstəqil aparır və regional məslələrdə sülhün bərqərar olmasına çalışır. Bununla da dünyaya töhfə verir. Cənab prezident məhz aparılan islahatlar, müharibədə əldə olunan qələbə, dinc quruculuq işləri, sülh müqaviləsinin imzalanması üçün atılan addımlar, beynəlxalq səviyyədə aparılan siyasət, hərbi məsələlər və s. bütün bu proseslərin nədən olduğunu dünyaya göstərdi. Birmənalı şəkildə Azərbaycanın heç kimdən asılı olmayan müstəqil daxili, xarici siyasəti haqqında cənab prezident məlumat verdi və bu işdə Azərbaycanın məhz sülhün bərqərar olunması istəyən dövlətlərlə dostluq münasibətindən danışdı və Ermənistan dövlətinə də ünvanladı ki, sülhün bərqərar olması ilk növbədə məhz onlara lazımdır. Vurğuladı ki, bundan başqa da hər hansı uzaqdan gələn dövlətlər regionda sülhün bərqərar olmasına mane olmamalıdır.

Forumda çıxışı zamanı prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, qətiyyətli bəyanatları bir daha siyasi lider olaraq performansının tam şəkildə sübutu idi.

Prezident qətiyyətlə bəyan etdi ki, ölkəmizin haqq işinə kölgə salmaq istəyənlərin arzusu ürəyində qalacaq. Azərbaycan dövlət olaraq heç vaxt ədalətsizliklə barışmayacaq, necə ki, həmin dairələrin əbədiləşdirmək istədiyi Qarabağın işğalı ilə barışmadı. Bu gün isə həmin dairələr beynəlxalq hüququ tam təmin edərək bölgənin sülh və inkişaf təminatçısı olan Azərbaycana yaratdığı reallıqları qəbul etməyə borcludurlar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.