Xəbər lenti
Dəmir yumruq » Manşet » 20 noyabr - Ağdam Şəhəri Günüdür.
Manşet / Siyasət / 20-11-2023, 15:20

20 noyabr - Ağdam Şəhəri Günüdür.

 

Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar da yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən şanlı Qələbəmiz işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı-canı bahasına qazanıldı. Bu qələbə ilə prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını müzəffər xalqa çevirdi. Bu möhtəşəm qələbə eyni zamanda milli birliyin təntənəsi oldu. Bu müharibə xalqımızın əyilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində dünya Azərbaycan xalqının yenilməzliyinin, mübarizliyinin və onun rəhbərinin qətiyyətinin, siyasi müdrikliyinin bir daha şahidi oldu.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasına hüquqi əsaslar yaratdı. Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də qeyd etdiyi kimi, bu bəyanat bizim şanlı Qələbəmizdir.  Ermənistanın kapituliyasiyasından sonra Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan öz sahibinə qaytarıldı. 44 gün ərzində işğalçılara həm siyasi, həm də döyüş meydanında sarsıdıcı zərbələr vuran qəhrəman Azərbaycan xalqının iradəsinə təslim olan erməni işğalçıları Ağdam, Kəlbəcər və Laçını siyasi danışıqlar yolu ilə qaytarmağa məcbur edildi. Beləliklə, döyüş meydanında olduğu kimi, diplomatik masada da Ermənistan diz çökdürüldü, rəzil itaətə məcbur edildi. Azərbaycan Ordusunun Zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı və diplomatik məharəti sayəsində ağdamlıların doğma yurd həsrətinə son qoyuldu.

Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.”

Ağdamın, Kəlbəcərin, Laçının prezident İlham Əliyevin diplomatik məharəti ilə döyüşsüz işğaldan azad olunması xalqımız üçün ən böyük töhfə idi və bu proses qələbəyə qələbə qatdı.

İndi Ağdam, Kəlbəcər və Laçın daha parlaq inkişaf mərhələsinə qədəm qoyub. Tezliklə bütün dünya yenilənmiş, işğal yaralarından tam sağalmış şəhər və rayonlarımızı görəcək. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdam yeni həyata hazırlaşır. Dövlətimizin başçısı xalqa müraciətində bildirmişdir: “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik.” Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi, buranı uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək qarşıda dayanan ən prioritet məsələlərdəndir. Qarabağın ən böyük şəhəri olan Ağdam əvvəlki illərdə olduğu kimi yenidən Azərbaycan dövlətçiliyinin sütununa çevriləcək.

Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də Ağdama səfər edərək burada bərpa işlərinin başlanğıcını elan etdilər. Dövlətimizin başçısı 2021-ci il mayın 28-də Ağdama növbəti səfəri zamanı Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi.

Ötən il dövlətimizin başçısı Ağdama iki dəfə fevralın 13-də və oktyabrın 4-də səfər edib. Prezident İlham Əliyev səfər çərçivəsində reallaşdırılan bir çox layihələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Oktyabrın 4-də prezident İlham Əliyev Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimində, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, daha 1 yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib.

Bu il oktyabrın 15-də isə ölkə başçısı Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Əminliklə söyləmək olar ki, həyata keçirilən bütün bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti tezliklə özünə qaytarılacaq.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rassional siyasəti nəticəsində bu gün artıq işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Bu gün üçrəngli Bayrağımız bütün torpaqlarımızda, eləcə də, Ağdam şəhərində əzəmətlə, qürurla dalğalanır və əbədi dalğalanacaq!

Ağdam bizimdir! Qarabağ Azərbaycandır!


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.