Ərdoğanın Vilnüsdəki bəyanatı Azərbaycanda hərbi varlığı ilə bağlı xəyallara qapılmaması üçün Moskvaya açıq və qəti şəkildə ünvanlanmış mesaj olub. Bu bəyanatda verilən sözlərin tutulması, imzalara hörmət edilməsinin vacibliyi xüsusi qabardılır.
NATO-nun Vilnüs sammitini Azərbaycan üçün daha maraqlı edən olay həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya sülhməramlı kontingenti 2025-ci ildə Qarabağı tərk edəcək” bəyanatı oldu. “Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir”, - deyə Ərdoğan vurğulayıb.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Proses artıq başlayıb
Türkiyə prezidentinin iki cümlədən ibarət çox kiçik bəyanatı, əslində, Cənubi Qafqazın yaxın iki ildəki geosiyasi mənzərəsini formalaşdıracaq proseslərin sürətlə cərəyan edəcəyinə bir işarədir. Bu prosesə çoxdan start verilib. Ermənistan baş naziri Nikol Paşinyan Praqa görüşündə Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıdığını rəsmən bəyan edib. Bununla da, İrəvanla Bakı arasında sülh prosesində Kremlin qurduğu oyun tamamilə pozulub. Moskvanın “status müəyyənləşməyib” və ya “təhlükəsizlik təminatı” adı altında bölgədəki hərbi varlığını davam etdirmək siyasəti ağır zərbə alıb. Rusiyanın qarşı çıxdığı Brüssel formatında hər görüşdən sonra tərəflərin ərazi bütövlüyünü qarşılıqlı tanımaları xüsusi olaraq vurğulanıb, hətta konkret rəqəmlər belə səsləndirilib. Hadisələrin axarının nəticəsi isə artıq məlumdur. Rusiya bu prosesdən kənarda qalmamaq üçün növbəti üçtərəfli görüş keçirərək əsas vurğunu nəqliyyat dəhlizinin yaradılmasına yönəldib. Azərbaycan Ermənistanla sərhəddə nəzarəti tamamilə ələ alıb, sərhəd-buraxılış məntəqəsi quraşdıraraq Ermənistandan Azərbaycan daxilinə uzanan separatizmi dəstəkləyən axınlara son qoyub. İndi əsas diqqət rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə məskunlaşmış ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına yönəlib. Bunun üçün xüsusi nümayəndə təyin edilib, Xankəndidə yaşayan Qarabağın erməni sakinləri Bakıya dəvət olunublar. Zəruri təminatın Azərbaycan vasitəsilə reallaşmasının mümkünlüyü bildirilib.
Separatizmə dəstək üçün alt baza formalaşdırmaq cəhdləri
Lakin inteqrasiya prosesi separatçıların rəhbərliyinin oyunbazlığı, daha doğrusu, Rusiyadan alınan təlimatlar əsasında hərəkət etmələri səbəbindən hələlik ciddi nəticələr vermir. Moskvanın bölgədə separatizmin söndürülməsində maraqlı olmadığını söyləməyə kifayət qədər sübutlar var. Ruben Vardanyanın Xankəndiyə gəlişi, separatçı ordu qalıqlarının hələ də mövcudluğu, onlara silah-sursatın daşınması, Azərbaycan nümayəndələrinin qeyri-qanuni istismar olunan mədənlərimizdə yoxlamalar aparmasına şərait yaradılmaması... Azərbaycan ən yüksək səviyyədə zaman-zaman bu hallarla bağlı narazılığını açıqlayıb, müvafiq kanallarla belə hallara son qoyulması tələbi ilə Kremlə xəbərdarlıqlar edilib. Amma nəticə yoxdur. Hazırda separatçılar Kremlin diktəsi ilə Rusiya rəhbərliyinə müraciətlər ünvanlayır, Moskvanın ənənəvi separatizmə dəstək siyasəti üçün alt baza formalaşdırılmasına cəhdlər göstərilir. Təbii ki, mövcud durum Azərbaycanı ciddi narahat etməkdədir. Belə bir vəziyyətdə 44 günlük müharibədə rəsmi Bakıya güclü siyasi dəstək nümayiş etdirən Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan amili irəli çıxır. Onun son seçkilərdəki qələbəsinin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğu bir daha özünü büruzə verir.
Kiçik bəyanatın altında yatan böyük məqamlar
İndi isə gəlin iki cümləlik bəyanatın altında yatan böyük məqamlara diqqət yetirək. Nəzərə almaq lazımdır ki, Ərdoğanın bəyanatı NATO zirvə toplantısı çərçivəsində səsləndirilib. Hansı ki, Kreml rəhbərliyinin bütün diqqəti və həssaslığı bu günlərdə Vilnüsə yönəlib. Ərdoğanın bəyanatı Kremlin Azərbaycanda hərbi varlığı ilə bağlı xəyallara qapılmaması üçün Moskvaya açıq və qəti şəkildə ünvanlanmış mesaj idi. Bu bəyanatda verilən sözlərin tutulması, imzalara hörmət edilməsinin vacibliyi xüsusi qabardılır.
Moskva hansı seçimi edəcək?
İndi hamını ən çox düşündürən sual Moskvanın bu çağırışa hansı reaksiyanı göstərəcəyidir. Hazırda Qərbin ciddi təzyiqləri ilə üzləşən Kreml rəhbərliyinin Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya gəlməsi, özünə qarşı yeni cəbhənin açılmasına şərait yaratması ən son istədiyi bir şeydir. Rəsmi Bakının bölgədə daim öz milli maraqlarından çıxış etdiyi məlum olsa da, İlham Əliyev həmişə bölgədə maraqlı güclərin istəklərinin uzlaşdırılmasında məharətli diplomatiya sərgiləyib. Kremlin Cənubi Qafqazdakı maraqlarının öz milli maraqlarımız çərçivəsində təmininə yardım etmək də bu siyasətin tərkib hissəsidir.
Azərbaycanın istədiyi üç əsas məsələ var:
1. Ermənistanla sərhədlərin müəyənləşdirilməsi, sülh sazişinin imzalanması;
2. Naxçıvan və Türkiyə ilə ölkəmizi birləşdirəcək Zəngəzur dəhlizinin açılması;
3. Qarabağ ermənilərinin yaşadığı ərazilərdə suverenliyimizin tam təmin olunması, separatçı rejimin silahlı dəstələri də daxil, qalıqlarının tamamilə ləğvi.
Hər üç məsələdə Bakı Moskva ilə sıx təmasdadır. Məsələn, şərti sərhədin qarşı tərəfində, forpostu hesab etdiyi dövlətin ərazisində Rusiyanın ciddi narazılığına səbəb olan avropalı müşahidəçilər var. Ancaq Bakı bu addımın sərhədin bu tərəfində də atılmasına imkan verməyib. Azərbaycan Ermənistan-Rusiya münasibətlərinə qarışmır. Moskvanın bu ölkədə maraqlarını təmin etmək üçün tətbiq etdiyi yanaşmalar milli maraqlarımızı təhdid etmədikcə sükunətlə qarşılanır. Ən nəhayət, Azərbaycan və Türkiyə Moskvaya Qarabağdan çıxmaq əvəzində daha cazibədar təklif verib. Hətta bunu öz imzaları ilə təsdiqləyiblər. Söhbət Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə nəzarət hüququndan gedir. Hansı ki, bütün Avrasiyanın əsas nəqliyyat arteriyası olmağa iddialıdır. Kremlin Qarabağdakı 15-20 min erməni separatçını, yoxsa Türkiyə və Azərbaycanla birgə əməkdaşlıq fonunda daha böyük layihələri seçəcəyini isə qarşıdakı aylarda görəcəyik. Lakin bir reallıq artıq aksiomdur. Azərbaycan və Türkiyə özlərinin milli maraqlarını təhdid edəcək heç bir prosesin reallaşmasına imkan verməyəcək.