Dəmir yumruq » Köşə » Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməli və gələcəyimizin təminatıdır
Köşə / 11-11-2026, 08:57

Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməli və gələcəyimizin təminatıdır

 

Azərbaycan Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Əsas Qanun ölkəmizin müstəqillik tarixində yeni mərhələnin başlanğıcını qoyaraq, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi əsaslarını formalaşdırıb. Bu tarixi sənəd Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq Azərbaycanın suverenliyini, dövlət müstəqilliyini, insan hüquq və azadlıqlarını ali dəyərlər kimi təsbit edib.
 
Azərbaycanın konstitusiya tarixinin kökləri ötən əsrin əvvəllərinə gedib çıxır. 1921-ci il mayın 19-da qəbul edilən ilk Konstitusiya, 1925-ci il martın 14-də onun yeni redaksiyası və 1978-ci il aprelin 21-də qəbul olunan sonuncu sovet Konstitusiyası ölkəmizin konstitusiya inkişafının müxtəlif mərhələlərini təşkil edir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində öz Konstitusiyasını qəbul edə bilməsə də, müstəqil dövlətçilik ideyalarının və milli suverenlik ənənələrinin əsasını qoyub.
 
Azərbaycanın konstitusiya tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri var. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının hazırlanması və qəbul edilməsi prosesində onun prinsipial mövqeyi nəticəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Bu, sovet ideologiyasının hökm sürdüyü mürəkkəb tarixi şəraitdə milli kimliyimizin, dilimizin və dövlətçilik ənənələrimizin qorunması istiqamətində atılmış mühüm addım idi. Ulu Öndərin uzaqgörən siyasəti milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb.
 
1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın yeni Konstitusiyasının hazırlanması tarixi zərurətə çevrilmişdi. Lakin həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı və digər ciddi problemlər bu prosesin həyata keçirilməsini çətinləşdirirdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin edildi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və müstəqil dövlət quruculuğunun əsaslarının yaradılması istiqamətində ardıcıl addımlar atıldı.
 
Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda xalqın mütləq dəstəyi ilə qəbul edildi. Seçicilərin 86 faizinin iştirak etdiyi ümumxalq səsverməsində iştirak edənlərin 91,9 faizi Əsas Qanunun lehinə səs verdi. Həmin il noyabrın 27-də qüvvəyə minən Konstitusiya müstəqil Azərbaycanın ilk milli Konstitusiyası kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Konstitusiya Günü elan edildi.
 
Müstəqil Azərbaycanın Konstitusiyası dövlət suverenliyinin, xalq hakimiyyətinin, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, ölkəmizin demokratik inkişaf strategiyasının da hüquqi əsasını təşkil edir. Əsas Qanunda Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğu təsbit edilib. Dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, hakimiyyət bölgüsü prinsipi, qanunun aliliyi, vətəndaş cəmiyyətinin inkişafı kimi fundamental müddəalar Konstitusiyamızın mahiyyətini müəyyənləşdirir.
 
Konstitusiyamızın mühüm xüsusiyyətlərindən biri də zamanın çağırışlarına və cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq təkmilləşdirilməsidir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlar nəticəsində Əsas Qanuna bir sıra əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə, sosial dövlət prinsiplərinin inkişafına və ölkənin siyasi-hüquqi sisteminin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edib.
 
Xüsusilə 2016-cı ildə keçirilən referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəçiliyində yeni mərhələnin əsasını qoydu. Birinci vitse-prezidentlik institutunun yaradılması idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət hakimiyyəti mexanizmlərinin çevikliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdı.
 
Son illərdə Azərbaycanın qazandığı tarixi nailiyyətlər Konstitusiyamızın dövlətçilik həyatındakı rolunu daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub. Bununla da Azərbaycan ərazisində konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpası istiqamətində mühüm tarixi mərhələ başa çatıb.
 
Bu gün Azərbaycan öz suverenliyini tam təmin etmiş, regionda və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən güclü dövlətdir. Qarşıda duran əsas vəzifələrdən biri əldə olunan tarixi nailiyyətləri qorumaq, hüquqi dövlət quruculuğunu daha da inkişaf etdirmək, qanunun aliliyini təmin etmək və vətəndaşların Konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqlarının müdafiəsini daim gücləndirməkdir.
 
Əminliklə demək olar ki, Azərbaycan Konstitusiyası yalnız dövlətin hüquqi sənədi deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli birliyinin və gələcəyə inamının təcəssümüdür. Əsas Qanunumuz müstəqil dövlətçiliyimizin etibarlı dayağı, sabit və davamlı inkişafımızın hüquqi təminatı olaraq bundan sonra da Azərbaycanın tərəqqisinə xidmət edəcək.
 
Abbas Əliyev
 
YAP Abşeron rayon təşkilatının sədri

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.