Dəmir yumruq » İqtisadiyyat » Qızılın ucuzlaşması gözlənilmir - Daha da bahalaşacaq
İqtisadiyyat / Bugün, 08:32

Qızılın ucuzlaşması gözlənilmir - Daha da bahalaşacaq

 

Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi gərginlik qlobal maliyyə və əmtəə bazarlarında riskləri artırıb. ABŞ və İsrailin İrana endirdiyi zərbələr, eləcə də Tehranın cavab addımları regionda müharibə riskini yüksəltməklə yanaşı, aviareyslərə və ticarət axınlarına da təsir göstərib. Belə şəraitdə investorlar, adətən, riskli alətlərdən uzaqlaşaraq daha etibarlı hesab olunan aktivlərə, xüsusilə qızıla üstünlük verirlər. 

Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanov Modern.az - a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə qızıl yenidən bazarın əsas qoruyucu aktivlərindən biri kimi ön plana çıxıb. Təqdim olunan bazar göstəricilərinə əsasən, əmtəə bazarlarında bir unsiya qızılın qiyməti hazırda 5 250–5 260 ABŞ dolları diapazonunda dəyişir. Son əməliyyatlarda isə spot qızılın qiymətinin təxminən 5 277 ABŞ dolları/uns səviyyəsinə yüksəldiyi müşahidə olunur.

Onun sözlərinə görə bu dinamika qızılın əvvəlki rekord göstəricilərinə yenidən yaxınlaşdığını göstərir:

"Azərbaycan bazarında qızılın satış qiymətləri isə əsasən əyara və məmulatın işçilik xüsusiyyətlərinə görə fərqlənir. Hazırda 999.9 əyar qızılın qiyməti 310–350 manat, 750 əyar qızılın qiyməti 260–300 manat, 585 əyar qızılın qiyməti isə 200–240 manat aralığında dəyişir. Qiymətlərə məmulatın hazırlanma xüsusiyyətləri və əlavə emal xərcləri də təsir göstərir. Proqnozlara gəlincə, regionda hərbi gərginliyin daha da dərinləşməsi və eskalasiyanın davam etməsi halında qızılın qiymətində əlavə artım ehtimalı yüksək olaraq qalır. Mövcud tendensiya əsasında yaxın mərhələdə bir unsiya qızılın qiymətinin 5 600–6 000 ABŞ dolları intervalına yüksəlməsi istisna edilmir. Bu baxımdan, qızılın yaxın dövrdə yenidən yüksək qiymət zonasında qalacağı gözlənilir".

O qeyd edib ki, qızılın yenidən bazarın əsas qoruyucu aktivinə çevrilməsinin başlıca səbəbi geosiyasi risklərin artmasıdır.

"Belə dövrlərdə investorlar kapitalı daha təhlükəsiz mövqedə saxlamağa çalışır, bu isə qızıla tələbi artırır. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin enerji qiymətlərinə təsiri inflyasiya risklərini də gücləndirir. Nəticədə, qızıl həm təhlükəsiz sığınacaq, həm də inflyasiyadan qoruyan alət kimi daha cəlbedici hesab olunur. Bununla yanaşı, bazarda qısamüddətli dalğalanmaların da mümkün olduğu nəzərə alınmalıdır. İlkin qiymət artımından sonra mənfəət realizasiyası, eləcə də ABŞ dollarının möhkəmlənməsi fonunda müəyyən geriçəkilmələr baş verə bilər. Lakin ümumi mənzərə göstərir ki, geosiyasi qeyri-müəyyənlik davam etdikcə qızıl bazarında yüksək qiymət səviyyəsinin qorunması ehtimalı daha yüksəkdir. Nəticə etibarilə, hazırkı geosiyasi proseslər qızılı yenidən qlobal risklərin əsas göstəricilərindən birinə çevirib. Münaqişənin uzanması və enerji bazarında qeyri-müəyyənliyin dərinləşməsi qızılın yüksək səviyyələrdə qalmasını dəstəkləyə bilər. Əksinə, diplomatik yumşalma və regionda sabitliyin bərpası halında bazarda qısamüddətli korreksiya ehtimalı da nəzərə alınmalıdır".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.