Santos şəhəri Pelenin ölümü ilə əlaqədar 7 günlük matəm elan edib
Braziliyanın San-Paulu ştatındakı Santos şəhərinin meri Rojerio Santos karyerasının böyük hissəsini bu şəhərin eyniadlı klubunda keçirmiş üçqat dünya çempionu Pelenin vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə o, sosial hesabında paylaşım edib.
Pele sayəsində bütün dünyanın Santos şəhəri, onun eyniadlı futbol klubunun varlığından xəbər tutduğunu qeyd edən şəhər meri bildirib: "Kralımız Pelenin oyununa baxaraq böyüdük. Onun gedişi idman dünyasında doldurulması mümkün olmayan bir boşluq yaradır. Pele, sən dahi idin, hər şeyə görə təşəkkür edirik! Yeddi günlük rəsmi matəm elan edirik", - deyə mer əlavə edib.
"Santos" futbol klubu öz şagirdinin xatirəsini geyimdə əbədiləşdirmək qərarına gəlib. Növbəti mövsümün formalarında iki ulduzdan əlavə, Pelenin xatirəsinə komanda embleminin üstündə qızıl tac görünəcək. Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriqes də böyük hücumçunun xatirəsini və onun irsini əbədiləşdirməyə söz verib. “Bizim kumirimizin ölümü konfederasiyanın bütün 108 illik tarixində ən kədərli xəbərdir", - deyə tvitində vurğulayıb.