Bilgəh qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib
Bilgəh qəsəbəsində “Ben Cüdo” idman klubunun yeni cüdo zalının açılış mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlar cüdo zalında yaradılan şəraitlə tanış olublar.
Mərasimdə çıxış edən “Ben Cüdo” idman klubunun rəhbəri Etibar Bağırov qeyd edib ki, yeniyetmə və gənclər arasında cüdo idman növünün təbliği, inkişafı, ona marağın daha da artırılması məqsədilə yaradılan klub müasir avadanlıqlarla təchiz edilib və burada hər cür şərait yaradılıb.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı idman siyasəti nəticəsində Azərbaycanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, bu cür idman klublarının fəaliyyəti yeniyetmələrə və gənclərə sağlam həyat tərzinin aşılanması və onların asudə vaxtlarını səmərəli keçirməsi üçün vacib əhəmiyyət kəsb edir.
Yeni istifadəyə verilən cüdo zalının ümumi sahəsi 200 kvadratmetr təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin