Yassin Bunu mundiallar tarixində penalti seriyasında top buraxmayan ikinci qapıçıdır
Futbol üzrə Mərakeş millisi (0:0, 3:0) Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində İspaniyaya penalti seriyasında qalib gələrək dörddəbir finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, “Education City” stadionunda oynanılan matçda mərakeşli qolkiper Yassin Bunu dünya çempionatları tarixində penalti seriyasında top buraxmayan ikinci qapıçı olub. Bu uğura 2006-cı ildə Almaniyada təşkil olunan mundialda ilk dəfə ukraynalı qolkiper Aleksandr Şovkovskiy imza atıb. Həmin vaxt Ukrayna millisi penalti seriyasında İsveçrə yığmasını məğlub edərək dörddəbir finala yüksəlib.
Mərakeş seçməsi dörddəbir finalda Portuqaliya – İsveçrə matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi Braziliya ilə qarşılaşacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin