Mundiallar tarixinə düşən Tite, 68 il əvvəlki uğurun təkrarı FOTOREPORTAJ
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində Koreya Respublikası yığmasını məğlub edən Braziliya seçməsinin (4:1) baş məşqçisi Tite mundialların tarixinə düşüb. Belə ki, baş məşqçi sifariş ərizəsinə adı daxil edilmiş 26 futbolçunun hamısına çempionatda meydana çıxmağa şans verib. Bu rəqəm, həmçinin bir yığma komanda üçün mundiallar tarixində rekord göstəricidir.
AZƏRTAC xəbər verir ki, Braziliya millisi 68 ildən sonra ilk dəfə dünya çempionatında bir oyunun ilk hissəsində 4 qol vurub. Komanda sonuncu dəfə 1954-cü ildəki dünya çempionatında Meksika ilə qarşılaşmada (5:0) bunu bacarıb.
Neymar Koreya Respublikası ilə matçda fərqlənməklə Braziliya millisinin tarixində üç mundialda qol vuran üçüncü futbolçu olub. Daha əvvəl bunu futbol əfsanələri Pele və Ronaldo bacarıblar. Neymar Braziliya millisinin heyətində 76-cı qolunu vurub. Hücumçu Pelenin rekordunu yeniləməsi üçün 1 qol daha vurmalıdır. Belə ki, Pelenin aktivində 77 qol var.
Braziliya millisi dörddəbir finalda Xorvatiya ilə üz-üzə gələcək.
AZƏRTAC Braziliya - Koreya Respublikası oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır