Dəmir yumruq » İdman » "Növbəti mövsüm rəqabət bir qədər də artacaq" - Leandro Andrade
İdman / Bugün, 08:42

"Növbəti mövsüm rəqabət bir qədər də artacaq" - Leandro Andrade

 

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”u məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Bu qələbəyə ehtiyacımız var idi. Komandalar turnir cədvəlində bir-birinə xal baxımından olduqca yaxın idilər. Necə bir çətin rəqiblə qarşılacağımızdan xəbərdar idik. Düşünürəm ki, oyuna yaxşı köklənmişdik. Belə komandalara qarşı oynamaq asan olmur. 

- Baxımlı qol vurdunuz. Zərbədən öncə fərqlənəcəyinizə inamınız çox idi?

- Təbii ki, fərqləndiyim üçün sevinirəm. Digər tərəfdən bu, karyeramda cərimə zərbəsindən vurduğum ilk qoldur. Bundan öncə heç vaxt belə bir hal yaşanmamışdı. Qolu qeyd etmək tərzimdən gördüyünüz kimi, olduqca xoşbəxt idim. Həm də bu qolla hesabı açdıq. Ona görə bu, məni daha da sevindirdi. Komandamı hesabda önə keçirmək də mənimçün önəmlidir. 

- Məşqlərdən sonra cərimə zərbələrinin üzərində xüsusi çalışırsınız?

- Bəzən məşq prosesinin sonunda belə zərbələri sınaqdan keçirirəm. Fərdi məşqlər etmək üçün boş vaxtlarımız olur. Əlbəttə, bunun üzərində işləyirəm. 

- İlk hissədə oyununuz elə də parlaq alınmadı. Bunun "Neftçi" ilə sonuncu matçdakı məğlubiyyətlə əlaqəsi var idi?

- Belə deməzdim. "Neftçi"yə qarşı məğlubiyyət komandada mənfi təsir yaratmadı. Baxmayaraq ki, xal itirdik, bununla belə, növbəti oyunlara hazırlaşırıq. Tam əksinə, növbəti səhvlərimiz üzərində çalışırıq. Çətin dövrdən keçirik. Bu, komanda üçün böyük təcrübədir. Qarşıdakı matçlarda eyni səhvləri təkrarlamamalıyıq. Rəqib güclü müdafiə olunurdu. Ona görə də ilk hissədə istəyimizə çata bilmədik. Hər rəqibə qarşı erkən qol vurmaq olmur. Yenə də düşünürəm ki, ümumilikdə yaxşı matç alındı. 

- Qələbə sayəsində "Turan Tovuz"la xal fərqini 6-ya çatdırdınız və böyük ölçüdə ikinci yerin taleyini həll etdiniz. Bu amil qarşıdakı matçlara daha yaxşı köklənməyinizə səbəb olacaq?

- Doğrudur, hər qələbə bizə ruh yüksəkliyi qazandırır. Düzdür, çempion ola bilmədik. Təəssüflənirik. Bununla belə, ikinci yeri qoruyub saxlamalıyıq. Hər oyundan nəsə öyrənirik. Növbəti mövsüm rəqabət bir qədər də artacaq. Gələn il çempion olmaq üçün var gücümüzü ortaya qoyacağıq. Buna indidən başlayırıq. Hazırda üçüncü pillə ilə 6 xal fərqimiz var. Lakin mübarizə hələ başa çatmayıb. 

- Növbəti tur "Qəbələ" ilə qarşılaşacaqsınız. Rəqibin turnir cədvəlindəki mövqeyi işinizi asanlaşdıracaq?

- Qətiyyən, asan qələbə barədə düşünmək düzgün olmaz. "Qəbələ" sürətli oyunçulara malikdir. Hücumda keyfiyyətli oynayırlar. Əla məşqçiləri var. Hazırlıqlı komandadır. Digər tərəfdən səfərdə oynamaq həmişə bir qədər çətin olur. 

- "Qəbələ"nin son oyununu izlədiniz? "Zirə" çətinliklə qələbə qazandı...

- Əlbəttə, məşqdən sonra matçın son dəqiqələrini izləyə bildik. “Zirə" yalnız oyunun sonlarına doğru qol vura bildi. Bu səbəbdən də “Qəbələ”yə qarşı matçımızın çətin olacağını bilirik.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.