Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2026–2027-ci tədris ilinin başlanması münasibətilə şəhid övladları ilə görüş keçirilib.
Demiryumruq.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİH başçısının müavinləri, Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri və şəhid övladları iştirak ediblər.
Tədbirdə çıxış edən Suraxanı RİH başçısı Adil Əliyev şəhid ailələrinə dərin ehtiramını ifadə edərək bildirib ki, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların ailə üzvlərinə və övladlarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək.
Həmçinin, Adil Əliyev 2026–2027-ci tədris ilinin başlanması münasibətilə şəhid övladlarını təbrik edib, onlara təhsildə uğurlar, möhkəm cansağlığı və gələcək həyatlarında yeni nailiyyətlər arzulayıb. Qeyd olunub ki, şəhidlərimizin bizə əmanət olan övladlarının hərtərəfli qayğı ilə əhatə edilməsi, onların təhsilinə və inkişafına dəstək göstərilməsi mühüm vəzifələrdəndir.
Görüş zamanı şəhid övladları ilə söhbət aparılıb, onların yeni tədris ili ilə bağlı təəssüratları və gələcək arzuları dinlənilib. Uşaqlar üçün maraqlı musiqili-əyləncəli proqram təşkil olunaraq xoş və yaddaqalan anlar yaşanıb.
Tədbirin sonunda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid övladlarına maddi köməklik göstərilib.
Şəhid ailələrinin üzvləri onlara və övladlarına göstərilən davamlı diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.