"
TRIPP Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər”.
Demiryumruq.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərkən deyib.
Paşinyan TRIPP-i (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) əsas layihələrdən biri adlandırıb.
Onun sözlərinə görə, layihə Ermənistan ərazisindən, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutur və dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipinə əsaslanır.
Baş nazir birbaşa dəmir yolu əlaqəsinin Ermənistan üçün Rusiya, Orta Asiya və Çinə yeni marşrutlar açacağını bildirib. O qeyd edib ki, gələcəkdə Ermənistan-Türkiyə dəmir yolunun açılması ilə bu marşrut Çin və Orta Asiyanı Türkiyə və Avropa İttifaqı ilə də birləşdirə bilər.
“Ermənistan və Azərbaycan arasında təxminən 35 illik münaqişədən sonra biz hazırda TRIPP layihəsi çərçivəsində Şərq-Qərb dəmir yoluna əlavə olaraq boru kəmərlərinin, elektrik xətlərinin və yolların tikintisini müzakirə edirik”, - deyə Paşinyan bildirib.
O, bunun təkcə Ermənistanın deyil, bütün Cənubi Qafqazın “sülh yollarının kəsişməsinə” çevrilməsinə imkan verə biləcəyini söyləyib.
Paşinyan Ermənistan və ABŞ-nin layihənin həyata keçirilməsi üçün şirkət yaratmaq üzərində işlədiyini də açıqlayıb. Onun sözlərinə görə, ilkin mərhələdə Ermənistan şirkətin səhmlərinin 26 faizinə, ABŞ isə 74 faizinə sahib olacaq.