Dəmir yumruq » Dünya » ABŞ Prezidenti Si Cinpini təyyarənin yanında qarşıladı
Dünya / Bugün, 06:48

ABŞ Prezidenti Si Cinpini təyyarənin yanında qarşıladı

 

Çin Sədri Si Cinpinin Vaşinqtona dövlət səfəri başlayıb. ABŞ Prezidenti Donald Tramp onu Vaşinqtonda təyyarənin yanında qarşılayıb.
 
Demiryumruq.az xəbər verir ki, Tramp bu mərasimlə 64 ildə bir ilkə imza atıb.
 
Belə ki, ABŞ Prezidenti sonuncu dəfə 1962-ci ildə hava limanında başqa bir dövlət başçısını qarşılayıb. Həmin vaxt ABŞ Prezidenti Con Kennedi Böyük Britaniyanın Baş naziri Harold Makmillanı hava limanında qarşılamışdı.
 
Adətən, ABŞ Prezidenti xarici ölkə liderlərini Ağ Evin şimal girişində qəbul edir.
 
İki ölkə arasında, xüsusilə süni intellektin inkişafı sahəsində rəqabətin davam etdiyi bir vaxtda baş tutan səfər çərçivəsində Tramp və Cinpin arasında mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.
 
Si Cinpin Ağ Evin Cənub Çəmənliyində 21 yaylım atəşi ilə qarşılanacaq. Çin liderinin Tramp və ABŞ-nin birinci xanımı Melaniya Trampla qeyri-rəsmi çay süfrəsində görüşəcəyi, həmçinin Milli Arxivə ekskursiya və digər xüsusi tədbirlərdə iştirak edəcəyi bildirilir.
 
İki ölkə arasında süni intellektin inkişafı uğrunda rəqabət səfərin əsas mövzularından biri olacaq. ABŞ və Çin daha güclü texnologiyalar yaratmaq uğrunda rəqabət aparır.
 
Ağ Ev cümə axşamı keçiriləcək dövlət ziyafətinə “OpenAI”, “Apple”, “xAI”, “Microsoft”, “Nvidia”, “Meta” və digər şirkətlərin rəhbərlərini dəvət edib.
 
Tramp süni intellektin inkişafının insanlara zərər verə biləcəyi ilə bağlı narahatlıqları rədd edir və ABŞ-nin bu sahədə Çini geridə qoyması üçün texnologiyaya daha çox investisiya yatırılmasını dəstəkləyir.
 
Si Cinpinin səfərinin bir sıra təntənəli mərasimlərlə müşayiət olunacağı gözlənilir. Trampın Çin liderini Ağ Evdə deyil, birbaşa təyyarəsinin yanında qarşılaması da səfərə verilən xüsusi önəmin göstəricisi kimi təqdim olunur.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.