"
Bu qışı Rusiya üçün də çətinləşdirməkdən başqa çarəmiz qalmayacaq”.
Demiryumruq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ikinci sessiyasında çıxış edərkən deyib.
O, Rusiyanın maliyyə və istehsal imkanlarının məhdudlaşdırılmasının davam etdirilməsinin vacib olduğunu bildirib.
ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı sənayesinə nəzarəti itirdiyi barədə açıqlaması ilə razılaşdığını deyən Zelenski Rusiyanın müharibəni açıq şəkildə dəstəkləyən bir ölkədən başqa müttəfiqinin olmadığını bildirib.
Zelenski Rusiyanın neft sənayesinin, fabriklərinin və limanlarının Ukraynanın birbaşa hədəfi olmadığını, əsas məqsədin Moskvanın maliyyə resurslarını və istehsal imkanlarını məhdudlaşdırmaq olduğunu deyib.
“Rusiya pulu olanda diplomatiyaya “yox” deyir”, - deyə Zelenski bildirib. Onun sözlərinə görə, Rusiyanın gəlir mənbələrinə qarşı təzyiqlər davam etdirilməlidir.
Silah, müdafiə və sanksiyalardan danışdığı üçün Ukraynanın yalnız müharibəyə fokuslandığı görüntüsünün yarana biləcəyini deyən Zelenski bunun səbəbinin müharibəni Ukraynanın seçməməsi olduğunu vurğulayıb.
“Amma ukraynalılar bu müharibəni seçməyiblər. Biz ölməməyi, ölkəmizi və ailələrimizi itirməməyi, müstəqilliyimizi və azadlığımızı itirməməyi seçdik və özümüzü müdafiə edirik”, - deyə o bildirib.
“Ukraynalılar bu qışın bizim üçün çox çətin ola biləcəyinin fərqindədirlər, amma bunun müqabilində bu qışı Rusiya üçün də çətinləşdirməkdən başqa çarəmiz qalmayacaq”, - Prezident əlavə edib