İki azərbaycanlının Ermənistanda sərbəst gəzməsi, Şirak bölgəsinə, Gümrüyə, daha sonra Amasiyaya getməsi və videoçəkiliş aparması ermənilər arasında təşviş dolu müzakirələrə səbəb olub.
Demiryumruq.az Publika.az-a istinadla xəbər verir ki, videoçəkiliş aparan azərbaycanlılar əslən Amasiyadan olduqlarını, burada babalarının evlərinin olduğunu bildirirlər. Qeyd ediblər ki, tezliklə öz yurdlarına qayıdacaqlar. Onlar Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın nəslindəndir.
Azərbaycanlılar Amasiyada erməni patrullarla da söhbət edir. Yerli sakinlər azərbaycanlıları gördüklərini, lakin onların kim olduğunu bilmədiklərini deyir. Şahidlərin sözlərinə görə, azərbaycanlılar bir neçə gün kəndləri gəzib, yeyib-içiblər.
“Hraparak” nəşri iddia edir ki, heç bir patrul, yaxud digər hüquq-mühafizə orqanları azərbaycanlıların kimliyini müəyyən etmək və ya səfərlərinin məqsədini aydınlaşdırmaqla bağlı heç bir tədbir görməyib.
Erməni sakinlər nəşrə danışaraq iddia ediblər ki, azərbaycanlılar tezliklə dədə-baba yurdlarına qayıdacaqlarını bildiriblər.
Ermənistan Daxili İşlər nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin məsələ ilə bağlı açıqlama verməməsi də ermənilər arasında əsas müzakirə mövzularından biridir.
Amasiya meri Cemma Harutyunyan isə bildirib ki, Milli Təhlükəsizlik Xidməti hər şeyi nəzarət altında saxlayır.
“İki azərbaycanlı Rusiya vətəndaşıdır, onların avtomobillərində Rusiya nömrə nişanları olub. Buna görə də polis Rusiya vətəndaşına qarşı heç bir tədbir görməyib. Həmin azərbaycanlılar sakinlərlə söhbət etməyib, sadəcə əraziyə baxıb, foto çəkib və gediblər. Həmin azərbaycanlılar Gümrüdə də olublar, restorana gediblər, sonra Amasiyaya gəliblər”, - Amasiyanın meri qeyd edib.
Azərbaycanlıların Ermənistana səfəri əslində öz dədə-baba yurdlarına baş çəkməsidir.