YAP Şamaxı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
26 saylı Göylər kənd ərazi partiya təşkilatında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə geniş məlumat verib. O, qurultayda səsləndirilən fikirlərin partiyanın yerli və ərazi təşkilatlarının gələcək fəaliyyəti üçün mühüm istiqamət müəyyənləşdirdiyini, qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı və Dövlət Sosial Müdafiə Fondunun Dağlıq Şirvan Regional filialının direktoru Abbas Abbasov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyəti, Prezident cənab İlham Əliyevin nitqində əksini tapan mühüm məsələlər, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, əhali ilə əlaqələrin gücləndirilməsi və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması istiqamətində qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, qurultayda müəyyənləşdirilən prioritetlər partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini və ideoloji işin müasir çağırışlara uyğun qurulmasını zəruri edir.
Tədbir zamanı yerdən söz alan Şəhid atası Natiq İsgəndərov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə və göstərilən diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib və Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.