Xəbər lenti
Dəmir yumruq » Siyasət » Ceyhun Bayramov Portuqaliyanın dövlət katibi ilə görüşüb
Siyasət / 5-03-2023, 19:25

Ceyhun Bayramov Portuqaliyanın dövlət katibi ilə görüşüb

Martın 5-də nazir Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin beşinci Konfransında iştirakı çərçivəsində Portuqaliya Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq üzrə dövlət katibi Fransisko Andre ilə görüşüb.

XİN-nin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki dövlət arasında münasibətlərin hazırkı vəziyyəti və inkişafı potensialı müzakirə edilib.

Azərbaycan və Portuqaliya arasında iqtisadi-ticarət, habelə energetika sahəsində, bərpa olunan enerji resurslarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması qeyd olunub. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolu xüsusilə vurğulanıb.

Görüşdə, həmçinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmadığı, qarşılıqlı dəstəyin beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirildiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Habelə, azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu vurğulayan nazir Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıqdan bəhs edib.

Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq ətazilərimizdən silahlı qüvvələrini çıxarmadığı, mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.

Qarşı tərəf öz növbəsində Portuqaliyanın ölkəmizlə bütün istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və Azərbaycan tərəfi ilə bu istiqamətdə birgə işləməyə hazır olduqlarını qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.