Ceyhun Bayramov BMT-nin Ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru ilə görüşüb
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru Taffere Tesfaçiu ilə görüşüb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji yardımların rolu, o cümlədən bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycanın humanitar yardımların göstərilməsi, o cümlədən ən az inkişaf etmiş ölkələrin inkişafına yardım istiqamətində həyata keçirdiyi layihələr, təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Bu xüsusda, ən az inkişaf etmiş ölkələrdə insan kapitalının inkişafına hədəflənən inkişafa yardım layihələrinin prioritet əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif, o cümlədən təhsil, səhiyyə, infrastruktur, idarəetmə sahələrində beynəlxalq yardım proqramlarını həyata keçirdiyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən göstərilən səylər və Ermənistan tərəfinin təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Direktor Taffere Tesfaçu, BMT-nin Ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının fəaliyyəti və prioritetləri barədə məlumat verərək, Bankın əsas məqsədinin dünyanın az inkişaf etmiş ölkələrinə texnoloji yardımların edilməsi ilə onların iqtisadi, sosial inkişafına dəstək göstərmək olduğunu bildirib. Azərbaycanın bu istiqamətdə beynəlxalq yardım siyasətinin təqdirəlayiq olduğunu bildirən Taffere Tesfaçu, bu xüsusda qlobal səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.