Xəbər lenti
Dəmir yumruq » Siyasət » Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə çıxışı beynəlxalq KİV-lər tərəfindən geniş işıqlandırılıb
Siyasət / 4-03-2023, 18:03

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə çıxışı beynəlxalq KİV-lər tərəfindən geniş işıqlandırılıb

Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərəkatın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışı beynəlxalq KİV-lər tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Pakistanın “Daily Times”, “Urdu Point” saytlarında yayılan xəbərlərdə Prezident İlham Əliyevə istinadla bildirilib: “Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik”.

ABŞ-nin “Menafn”, İordaniyanın “Petra News Agency”, Gürcüstanın “Кавказъ Плюс” saytları, eyni zamanda, Pakistanın “Daily Times”, “Urdu Point” ortalarında dərc olunan məlumatlarda dövlətimizin başçısının Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olması ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.

İordaniyanın “Petra News Agency” xəbər agentliyi Prezident İlham Əliyevin Bakı Sammitində çıxışından bu fikirləri sitat olaraq gətirib: “Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu”.

Birləşmiş Ərəb Əmirliyinin “Emirates News Agency” xəbər agentliyində dövlətimizin başçısının “2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Biz Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarıq” fikirləri oxucuların diqqətinə çatdırılıb.

Küveytin “Kuna.net” portalı Prezident İlham Əliyevin Sizrəv görüşündəki çıxışında söylədiyi bu fikirlə xüsusilə önə çəkib: “Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı”.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışı zamanı Qarabağ və postmünaqişə məsələləri barədə fikirləri də beynəlxalq KİV-lərin diqqətini çəkib.

İsveçrənin “Swissinfo”, Pakistanın “Daily Times”, Türkiyənin “Anadolu Ajansı” saytlarında yayılan xəbərlərdə diqqətə çatdırılıb ki, ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü yerinə yetirib.

Pakistanın “Urdu Point”, Rusiyanın “ТАСС”, “Московский Комсомолец”, “Lenta.ru”, həmçinin İsveçrənin “Swissinfo”, saytları Azərbaycan Prezidentin çıxışından bu sitatları gətirib: “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq”.

Dövlətimizin başçısının Hərəkatın Zirvə görüşündə COVID-19-la bağlı görülən işlər barədə fikirləri də beynəlxalq media qurumlarının maraq dairəsində olub. Belə ki, BƏƏ-nin “Emirates News Agency”, Pakistanın “Daily Times”, “Urdu Point”, “Pakistan Today”, Misirin “Al-Ahram”, “Youm7”, Kubanın “Prensa Latina” saytlarında dərc olunan məqalələrdə bildirilib ki, Prezident İlham Əliyev çıxışında pandemiyanın “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir etdiyini, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylərin gücləndirilməli olduğunu vurğulayıb. Deyib ki, bu məqsədlə BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklif edilib. Dövlət başçısı qeyd edib ki, bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıb.

Pakistanın “Daily Times”, ABŞ-nin “Menafn” saytları yazıb ki, Prezident İlham Əliyev COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək.

Həmçinin Küveytin “Kuna.net”, Pakistanın “Daily Times”, “Urdu Point”, ABŞ-nin “Menafn” portallarında dərc olunan informasiyalarda dövlətimizin başçısına istinadla qeyd edilib: “Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib”.

Kubanın “Prensa Latina” xəbər agentliyinin yaydığı xəbərdə isə Azərbaycan Prezidentinə istinadlar deyilir: “Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu”.

Dövlətimizin başçısının Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Sammitində çıxışı zamanı toxunduğu digər məsələlər də beynəlxalq media orqanları tərəfindən geniş işıqlandırılıb.

BƏƏ-nin “Emirates News Agency” agentliyi Azərbaycan Prezidentinin bu fikrini xüsusi qeyd edib: “İqlim dəyişikliyi bəşəriyyət üçün digər bir təhdiddir və su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. İnkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. Çünki onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər”.

İsveçrənin “Swissinfo”, Türkiyənin “Anadolu Ajansı”, İranın “IRNA”, Gürcüstanın “Кавказъ Плюс”, Rusiyanın “Eurasia Daily” saytları isə Prezident İlham Əliyevin söylədiyi “Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik” fikrini vurğulayıblar.

Dövlətimizin başçısının dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi olması, onun fəsadlarının dünyanın qalan hissəsində də hiss edilməsi ilə bağlı söylədikləri İordaniyanın “Petra News Agency”, Türkiyənin “Anadolu Ajansı”, Gürcüstanın “1tv.ge”, “Nation.ge”, “News-front.info”, “Resonance Daily”, “Geotimes.com.ge”, “Кавказъ Плюс”, Misirin “Akhbarelyom.com”, İranın “Mehr News Agency”, “Fararu”, “Shafaqna”, “IRNA” saytlarında yayılan xəbərlərdə əsas mövzu olub.

Türkiyənin “Anadolu” agentliyi, Pakistanın “Urdu Point” saytlarında yayımlanan informasiyalarda Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin söylədiyi “Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir” kimi fikirlər əsas xəbər kimi önə çıxarılıb.

Rusiyanın “ТАСС” agentliyi, “Газета” saytı, Türkiyənin “Anadolu” agentliyi, İsveçrənin “Swissinfo”, BƏƏ-nin “Emirates News Agency”, Pakistanın “Daily Times”, “Urdu Point”, İordaniyanın “Petra News Agency” və digər saytlar Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ilə bağlı çağırışlarından yazıblar. Məqalələrdə qeyd edilib ki, Azərbaycan Prezidenti bununla bağlı bildirib: “BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram”.

Pakistanın “Daily Times”, “Urdu Point” saytları dövlətimizin başçısının “Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik” fikrini manşetə çıxarıblar.

BƏƏ-nin “Emirates News Agency”, Pakistanın “Daily Times”, “Urdu Point”, Kubanın “Prensa Latina” portalları Azərbaycan Prezidentinin suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığının daha da gücləndirilməli olduğu, həmin gündəliyin Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edildiyi, bunun kənardan məcburi qaydada qoyulmuş bir gündəlik olmadığı ilə bağlı fikirlərini təqdim edib.

Misirin “Al-Ahram”, ABŞ-nin “Menafn”, BƏƏ-nin “Emirates News Agency”, Pakistanın “Urdu Point”, Küveytin “Kuna.net”, Rusiyanın “ТАСС” saytları oxucularının diqqətini Prezident İlham Əliyevin iki çağırışına çəkiblər. Diqqətə çatdırılıb ki, bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Azərbaycan Prezidenti məmnuniyyətlə elan edib ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır.

Pakistanın “Daily Times” saytı isə dövlətimizin başçısının bu fikrini əsas xəbər kimi yayıb: “Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”.

Azərbaycan Prezidentinin “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” fikirləri isə İsveçrənin “Swissinfo”, Türkiyənin “Anadolu Ajansı”, “Yeni Şafak”, “Anadolu Ajansı”, “Sabah”, “Hürriyet”, “Son Dakika”, “ODA TV”, “Yeni Akit”, “Milat Gazetesi”, “Beyaz Gazete”, İranın “Mehr News Agency”, Gürcüstanın “Кавказъ Плюс”, Rusiyanın “Eurasia Daily” saytları tərəfindən geniş işıqlandırılıb.

Rusiyanın “ТАСС”, “Eurasia Daily” saytları dövlətimizin başçısına istinadla yazıb: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm”.

Kubanın "Juventud Rebelde", "Escambray", "Radio Reloj" saytlarında dərc olunan məqalələrdə Azərbaycanın Hərəkata sədrlik müddətində uğurlu iş apardığı, buna görə də mandatının daha bir il uzadılması barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda keçirilən Zirvə toplantısının Hərəkatın güclənməsinə töhfə verən mühüm tədbir olduğu bildirilib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının ən çox inkişaf etmiş və böyük potensiala malik ölkələrinin imkanları daha zəif olan ölkələrə kömək etmək üçün yardım fondu yaratmaq barədə təklifi və Azərbaycan hökumətinin bu fonda ilkin olaraq 1 milyon ABŞ dolları məbləğində vəsait ayırması xüsusi vurğulanıb.

Venesuelanın "El Luchador", "La Iguana", "Telesur TV", "Ultimas Noticias", "Ciudad Caracas" saytları da Azərbaycan Prezidentinin Zirvə görüşündə toxunduğu müxtəlif məsələlər barədə geniş informasiyalar yayıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.