Azərbaycan Prezidenti Estoniyanın Müstəqillik Günü münasibətilə estoniyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə estoniyalı həmkarı Alar Karisi təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”.
Dövlətimizin başçısı estoniyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıb.