Qətər Əmiri: Qardaş ölkə Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlıyıq
Azərbaycan Respublikasının Qətər Dövlətinə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev etimadnaməsini Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə, səfirin şərəfinə Əmiri Divanın orkestrinin ifasında hər iki ölkənin Dövlət himni səsləndirilib.
Görüş zamanı səfir Azərbaycan İlham Əliyevin salamlarını və xoş arzularını Qətər Əmirinə çatdırıb.
Öz növbəsində Qətər Əmiri onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanın qardaş ölkə olduğunu vurğulayan Əmir iki ölkə arasında xüsusilə də iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını və bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Səfir M.Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb.
Şeyx Təmim bin Həməd Al Tani sonda bir daha səfir M.Əliyevi təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.