Sumqayıtda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Fevralın 20-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tarixə nəzər salaraq qeyd edib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova söyləyib ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır.
Milli Məclisin deputatı Emin Hacıyev çıxış edərək vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət uğurla davam etdirilir, möhtəşəm nailiyyətlərlə müşayiət olunur.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıblar.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup partiya fəalı YAP Sumqayıt şəhər təşkilatı tərəfindən fəxri fərmanlarla təltif edilib.