Prezident: Azərbaycan ilə Qana arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstək və göstərdiyi etimad ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib.
Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitinə ev sahibliyi edəcəyini bildirən dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Prezident Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyətini xatırladaraq bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu qeyd edib.
Prezident İlham Əliyev, həmçinin bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbə ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil alır.