Türkiyə mediası: Qardaş ölkə Azərbaycanın axtarış-xilasetmə qrupları zərərçəkənlərin yardımına tələsir
Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir nüfuzlu media qurumlarında yayılan informasiyalarda Prezident İlham Əliyevin məsələyə son dərəcə həssas münasibəti, maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qardaş Türkiyəyə yardım göstərməsi, Türkiyənin zəlzələ bölgəsi üçün beynəlxalq yardım çağırışından sonra axtarış-xilasetmə qrupları göndərən ilk ölkənin Azərbaycan olduğu barədə xəbərlər yenə də əsas yer tutur. Anadolu Agentliyi azərbaycanlı axtarış-xilasetmə qruplarının zəlzələ baş vermiş bölgələrdə gecə-gündüz çalışmaları davam etdirdiyini yazır. Məqalədə, həmçinin azərbaycanlı axtarış-xilasetmə qruplarının nümayəndələrindən müsahibələri yer alıb. Onlar xilas etdikləri uşaqları öz uşaqları kimi gördüklərini, yaralıları canla başla həyata bağlamağa çalışdıqlarını deyiblər.
“milliyet.com” nəşrində yayımlanan məqalədə Azərbaycanın Türkiyəyə dəstəyinin davam etdiyi qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə meydana gələn şiddətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi hər cür tibbi avadanlıq və ləvazimat ilə təchiz olunmuş ikinci səhra xəstəxanasını Türkiyəyə göndərib.
Saytda, eyni zamanda, Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərinin açıqlamaları yayımlanıb. İlk yardım heyətini göndərən ölkənin Azərbaycan olduğunu deyən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu daha əvvəl Antalya və Muğlada çıxan yanğınlarda da ilk yardıma gələn ölkənin Azərbaycan olduğunu deyib.
Portalda, həmçinin “Qalatasaray”ın baş məşqçisi Okan Burukun zəlzələnin ilk anından yardım göndərən Azərbaycana xalqına təşəkkür mesajı yayımlanıb.
“sabah.com.tr”, “trt.net.tr”, “doğruhaber.com.tr” digər saytlarda yerləşdirilən xəbərlərdə Türkiyədə zəlzələdən sorna bölgəyə ilk gələn xarici işlər nazirinin və ilk yardım heyətinin Azərbaycan olduğu qeyd edilib. Eyni zamanda, Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərinin açıqlamaları da məqalələrdə qeyd edilib.