Türkiyə mediası: Qardaş Azərbaycandan yardımlar davam edir
Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir.
AZƏRTAC xəbər verir ki, nüfuzlu media qurumlarında yayılan informasiyalarda Prezident İlham Əliyevin məsələyə son dərəcə həssas münasibəti, maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qardaş Türkiyəyə yardım göstərməsi barədə xəbərlər yenə də əsas yer tutur.
Anadolu agentliyinin ingilis versiyasında köhnə avtomobilinə yüklədiyi yardımla qardaş Türkiyəyə köməyə tələsən Sərvər Bəşirlinin müsahibəsi yer alıb. O, müsahibəsində bu yardımla qardaşlıq vəzifəsini yerinə yetirməyə çalışdığını, imkan daxilində yardımları yığaraq toplama mərkəzlərinə çatdırmağa davam etdiklərini vurğulayıb. “İndiyədək köməyimizi davam etdiririk. Bu gün yığım mərkəzinə ərzaq məhsulları çatdırmışıq”, - deyə o qeyd edib.
Agentlik, eyni zamanda, “Azərbaycan Türkiyəyə 1000-dən çox çadır göndərib” sərlövhəli xəbər yayımlayıb. Yazıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatlarına istinad olunmaqla, Türkiyəyə göstərilən yardımlardan danışılır.