Xəbər lenti
Dəmir yumruq » Siyasət » Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin apreli
Siyasət / 10-02-2023, 14:30

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin apreli

müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 aprel. Prezident Heydər Əliyev Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 4-cü ildönümü ilə əlaqədar Nərimanov rayonundakı yataqxanada məskunlaşmış Kəlbəcər qaçqınları ilə görüşdü.

5 aprel. Xəzər Beynəlxalq Neft Şirkətinin rəhbər heyətinin üzvlərini qəbul etdi.

7 aprel. Tibb elmləri doktoru, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Tamerlan Əziz oğlu Əliyevin matəm mərasimində çıxış etdi.

15 aprel. Xalq rəssamı Ömər Eldarovun görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi “Elegiya” əsərinin təqdimat mərasimində çıxış etdi.

16 aprel. Azərbaycanda iqtisadi islahatların gedişinə, eyni zamanda, kənd təsərrüfatında cari işlərin vəziyyətinin müzakirəsinə həsr olunmuş müşavirə keçirdi.

Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

24 aprel. “Azərbaycanda investisiya qoyuluşu imkanları” mövzusunda Bakıda keçirilən Beynəlxalq Konfransın iştirakçıları ilə görüşdü.

25 aprel. Pasxa bayramı münasibətilə respublikanın pravoslav xristianlarını təbrik etdi.

28 aprel. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin biznes konfransında iştirak etmək üçün Türkiyəyə səfər etdi.

29 aprel. Mstislav Rostropoviç, onun xanımı Qalina Vişnevskaya və ailəsinin digər üzvləri ilə Prezident sarayında keçirilən görüşdə nitq söylədi.

30 aprel. Bakı Musiqi Akademiyasında maestro M.Rostropoviçin şərəfinə təşkil edilmiş təntənəli mərasimdə iştirak etdi.

X X X

Azərbaycan üzləşdiyi çətinliklərə baxmayaraq, müstəqillik yolunda inamla addımlayırdı. Ulu Öndər müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı üçün böyük səylər göstərirdi. Eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində yurd-yuvasını itirmiş bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli ilə ciddi məşğul olurdu. Heydər Əliyev çadır şəhərciklərində, müxtəlif yerlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşür, onların yaşayış şəraiti ilə maraqlanırdı.

Belə görüşlərdən biri də 1997-ci il aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 4-cü ildönümü ilə əlaqədar Nərimanov rayonundakı yataqxanada məskunlaşmış Kəlbəcər qaçqınları ilə oldu. Ümummilli Lider çıxışında bildirdi ki, bu, kəlbəcərlilərin, bütün Azərbaycan xalqının ölkəmizi, respublikamızı ağır vəziyyətdən çıxarmaq üçün həmrəylik və birlik görüşüdür. Biz keçmiş hadisələri, faciələri xatırlayaraq, onlara doğru-düzgün, ədalətli, obyektiv qiymət verərək, eyni zamanda, irəliyə baxmalıyıq. Bu vəziyyətdən çıxmaq üçün tədbirlər görməliyik, bunun üçün daha sıx birləşməliyik, həmrəy olmalıyıq, əl-ələ verməliyik, keçmişdə buraxılan səhvlərə, xəyanətlərə bundan sonra yol verməməliyik.

Sitat:“Sizin hər biriniz varınızdan-yoxunuzdan məhrum olmusunuz. Amma Azərbaycan dövləti, Azərbaycan Respublikası həm də öz sərvətlərindən məhrum olubdur. Kəlbəcərdə zəngin qızıl yataqları var. Təəssüf ki, keçmiş illərdə, yəni 50-ci illərdə bu qızıl yataqlarının axtarılması, qızılın çıxarılması ilə məşğul olmamışdılar. Bu da həmin dövrdə Azərbaycan rəhbərlərinin fərasətsizliyinin, ağılsızlığının, o vaxtlar Azərbaycanda iş başında olan ermənilərin xəyanətinin nəticəsi idi. Kəlbəcər rayonundakı qızıl yataqları guya perspektivli deyildi və onların istismarı iqtisadi cəhətdən səmərəli hesab edilmirdi. Ancaq siz kəlbəcərlilər yaxşı bilirsiniz ki, Ermənistanın Cermuk rayonu ilə bizim Kəlbəcər rayonu arasındakı dağın o tərəfində ermənilər hələ 50-ci illərdən Zod yatağını istismar edir, oradan qızıl çıxarırlar”.

Ulu Öndər əminliklə deyirdi ki, Kəlbəcər, eləcə də işğal altındakı bütün torpaqlar mütləq azad olunacaq. Onun siyasəti Azərbaycanın işğala son qoymaq üçün yetərincə güc toplamasına istiqamətlənmişdi. Bu uzaqgörən siyasət, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci il noyabrın 25-də Ermənistan ordusu Kəlbəcər rayonundan çıxarıldı. Bununla da, kəlbəcərlilərin Vətən həsrəti bitdi.

Heydər Əliyev səhiyyə məsələlərinə xüsusi diqqət ayırır, bu sahədə fəaliyyət göstərən alimlərə yüksək dəyər verirdi. 1997-ci il aprelin 7-də Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Tamerlan Əziz oğlu Əliyevin matəm mərasimində söylədiyi nitq bu baxımdan səciyyəvidir. Ulu Öndər görkəmli alimin vəfatını Azərbaycanın tibb elmi üçün böyük itki adlandıraraq vurğuladı ki, özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmağa həsr edənlər həqiqətən çox yüksək hörmət və ehtirama layiqdirlər. Tamerlan Əliyev doğrudan da Azərbaycanda tibb elminin inkişafına töhfələr verib, minlərlə insanı müalicə edib. O həm də əsl ziyalı idi.

Sitat: “Tamerlan, gözəl xüsusiyyətlərə malik bir insan, yüksək mədəniyyətli, sözün əsl mənasında ziyalı, deyə bilərəm ki, Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi, bir Azərbaycan ziyalısı kimi əsl nümunə olmuşdur. O, həddindən artıq təvazökar bir adam idi. Bəlkə də onun təvazökarlığı bəzən ifrat dərəcəyə gəlib çatırdı, o qədər təvazökar idi. Sadə, çox sadə bir insan idi, ancaq çox zəkalı, çox mədəni, çox xeyirxah, insanpərvər, sülhsevər insan idi. O, daim insanlar arasında xoş münasibətlər yaranmasına çalışırdı, daim xeyirxahlıq edirdi, insanları bir-birinə yaxınlaşdırmağa çalışırdı”.

Ulu Öndər Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmağın yolunu islahatlarda görürdü. Hakimiyyətə qayıtdığı ilk illərdən bunu prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdu. İslahatlar prosesini daim diqqətdə saxlayır, əlaqədar qurumlara müvafiq tapşırıqlar verirdi. 1997-ci il aprelin 16-da keçirilən müşavirədə indiyədək görülən işləri dərindən təhlil edən Heydər Əliyev islahat strategiyasının uğurla nəticələnəcəyinə əminliyini ifadə etdi.

Sitat: “Şübhəsiz ki, görülən işlər qarşımızda duran vəzifələrin həyata keçirilməsində ilk addımlar, ilk nəticələrdir. Biz hələ çox iş görməliyik. Çox iş görməliyik ki, bütün iqtisadi islahatları axıra çatdıraq, iqtisadiyyatımızda ciddi dəyişikliklər əmələ gətirək, bazar iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının bütün sahələrində bərqərar olsun. Çox iş görməliyik ki, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini tam axıra çatdıraq. Çox iş görməliyik ki, 1995-ci ilin noyabrında qəbul etdiyimiz Konstitusiyanın tələbləri Azərbaycanın həyatının, cəmiyyətinin bütün sahələrində tətbiq olunsun və həyata keçirilsin”.

Xronologiyadan göründüyü kimi, Prezident Heydər Əliyevin 1997-ci ilin aprel ayındakı fəaliyyətində diqqət çəkən məqamlardan biri də onun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin İstanbulda keçirilən biznes konfransında iştirakıdır.

“Qara Dəniz regionunda yeni imkanlar” mövzusuna həsr olunmuş biznes konfransda çıxışı zamanı Ulu Öndər bu tədbirin regionumuzun nəhəng iqtisadi potensialından daha yaxşı istifadə etməyə şərait yaradacağına, investisiyaların artmasına və regional iqtisadi layihələrin əməli surətdə həyata keçirilməsinə kömək edəcəyinə əminliyini bildirdi. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin elektroenergetika sistemlərinin birləşdirilməsi layihəsinin perspektivinə toxunan Heydər Əliyev bu layihəni Avroasiya elektroenergetika sisteminin yaradılması istiqamətində atılan addım kimi dəyərləndirdi. Bildirdi ki, Qara dəniz regionu Xəzər dənizi regionundan enerji daşıyıcılarının nəql edilməsi üçün xüsusi əhəmiyyətə malikdir.

Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə söylədiyi fikirlər bu gün artıq reallığa çevrilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.