Rəcəb Tayyib Ərdoğan Mehriban Əliyevanın tapşırığı üzrə Qaziantepdə olan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşdü
Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, baş vermiş faciə ilə əlaqədar Fondun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran qurumun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.
Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə edən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulması, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”.