Xəbər lenti
Dəmir yumruq » Siyasət » Vladislav Kanevski: Ukrayna-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə və etimada əsaslanır
Siyasət / 7-02-2023, 16:57

Vladislav Kanevski: Ukrayna-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə və etimada əsaslanır

Fevralın birinci ongünlüyü Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə xüsusi yerə malikdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün sosial şəbəkədə hesablarındakı səhifələrində yazıb.

Diplomat qeyd edib: “1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında diplomatik münasibətlər qurulub. 1992-ci il fevralın 6-da Ukrayna və Azərbaycan diplomatik münasibətləri bərpa edib, strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində yeni səhifə açıblar.

Ukrayna Azərbaycanı həmişə qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq əlaqələri ilə bağlı olduğu dövlət kimi qiymətləndirib və bu, indi də belədir.

Bu, xalqlarımızın yenidən əllərində silahla öz suverenliyini müdafiə etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində özlərinin ərazi bütövlüyünü bərpa etməyə məcbur olduğu indiki tarixi şəraitdə xüsusi məna və əhəmiyyət kəsb edir.

Ümumi ağrımız bizi daha güclü və inamlı edib. Biz mütləq qalib gələcəyik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”.

Xatırladaq ki, müstəqil Ukrayna Xalq Respublikası elan edildikdən sonra XX əsr Azərbaycan ictimai-siyasi fikrinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin bu ölkədəki diplomatik nümayəndəsi təyin edilib.

2022-ci ildə Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə Ukraynanın ən nüfuzlu ali təhsil ocağında – Taras Şevçenko adına Kiyev Milli Universitetində onun barelyefinin və adını daşıyan auditoriyanın açılışı olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.