Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.