Xəbər lenti
Dəmir yumruq » Siyasət » Prezident Klaus Yohannisin Azərbaycana səfəri Rumıniya KİV-ləri tərəfindən geniş işıqlandırılıb
Siyasət / 3-02-2023, 15:05

Prezident Klaus Yohannisin Azərbaycana səfəri Rumıniya KİV-ləri tərəfindən geniş işıqlandırılıb

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri bu ölkənin KİV-lərinin diqqət mərkəzində qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, “News.ro”, “Financialintelligence.ro”, “Digi24.ro”, “DCnews.ro” kimi nüfuzlu xəbər portallarında və nəşrlərdə dərc olunan yazılarda Prezident Klaus Yohannisin “Romgaz” və SOCAR-ın yeni müqavilə imzalayacaqlarını bəyan edib. Bildirilib ki, beləliklə, həm Cənub Qaz Dəhlizi, həm də Azərbaycanda istehsal olunan elektrik enerjisinin nəqli üçün çəkiləcək sualtı kabel, bərpaolunan enerji sahəsində Avropa Komissiyası tərəfindən dəstəklənən layihələr bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.

Qeyd olunub ki, Prezident Klaus Yohannis Rumıniyanın Azərbaycanın səmimi dostu olduğunu bəyan edib. Eyni zamanda, bildirilib ki, Rumıniyanın beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT tərəfindən tanınan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanan aydın mövqeyi var. O, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Qara dəniz regionunda vəziyyət kontekstində həmrəyliyin daha da vacib olduğunu vurğulayıb və Azərbaycanın regional enerji təhlükəsizliyi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib. Klaus Yohannis bildirib ki, regional əməkdaşlıq, mənbələrin və nəqliyyat marşrutlarının şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin əsasında duran əsas prinsiplərdir və Rumıniya bu cür həll yollarının inkişafında Azərbaycan kimi etibarlı tərəfdaşlara arxalanır.

“MediaFax” agentliyi, “Epicnews” xəbər portalı “Klaus Yohannis: Rumıniya və Azərbaycan, Avropa və Cənubi Qafqaz arasında əlaqələri inkişaf etdirəcək” sərlövhəli materialda Rumıniya Prezidenti Klaus Yohannisə istinadla yazıb: “Azərbaycanla Rumıniya 2009–cu ildən strateji tərəfdaşlıq barədə saziş imzalayıblar. Rumıniya Avropa İttifaqında Azərbaycanla belə saziş bağlayan ilk ölkədir. 2022-ci il bu əlaqələr üçün daha dinamik olub. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji ilə əlaqədar bağlanan sazişlər, eyni zamanda, Rumıniya ilə Azərbaycan arasında iqtisadi, siyasi, ümumi diplomatik əlaqələrin möhkəmlənməsi bunun təzahürüdür. İki ölkə arasında əlaqələr yalnız Cənubi Qafqazın deyil, Orta Asiya ölkələrinin də əməkdaşlığının inkişafına təkan verəcək”.

Yazıda bildirilib ki, Azərbaycan və Rumıniya prezidentləri enerji, ticarət, nəqliyyat, sərmayələrin qoyuluşu, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafını dəstəkləyiblər.

"Digi 24" televiziya kanalının internet səhifəsində dərc olunan “Azərbaycan Prezidenti İlham Əliyev: Biz Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa bazarlarına da qaz ixrac edəcəyik” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycan Prezidenti iki il əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin istifadəyə verildiyini və ötən il təbii qazla bağlı Aİ ilə Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Dövlət başçısı bildirib: “Biz ixracın həcmini artıracağıq, bu, bizim prioritetimizdir”.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı və Konstansa limanlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O əlavə edib ki, Rumıniya ilə Azərbaycan arasında siyasi dialoq çox dinamikdir.

“Ştirile Pro Tv” televiziyası, “Antena”, “TVR” və digər televiziya kanalları, “Radio Romania”, “Radio Pro Tv”, “Radio ZU” radioları, bir çox yazılı KİV-lər də rəsmi səfər barədə geniş məlumatlar yayıblar.

Rumıniya televiziya kanallarında və mətbuatında çıxış edən ekspertlər səfərin Avropanın enerji təhlükəsizliyi, Qara dəniz və Xəzər dəniz regionları üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.