Macarıstan telekanalında Azərbaycanın Avropanın enerji sistemində rolundan danışılıb
Macarıstanın “HirTV” telekanalında Azərbaycanın Avropanın enerji sistemində rolundan danışılıb.
AZƏRTAC xəbər verir ki, telekanalın “Günün aktual mövzuları” proqramının qonağı olan Matyaş Korvinus Kollegium Fondunun Diplomatiya Mərkəzinin rəhbəri doktor Raymond Kiş Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfərinin yekunlarına toxunub.
Bildirilib ki, səfər zamanı bir sıra mühüm sənədlər, o cümlədən genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Son 10 ildə Azərbaycan Macarıstanın strateji tərəfdaşına çevrilib.
Diqqətə çatdırılıb ki, ötən il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının dəstəyi ilə yaşıl elektrik enerjisinin tədarükünə dair imzalanmış Saziş tarixi əhəmiyyətə malikdir. Bu sənəd Xəzər dənizinin Azərbaycan sektorunda istehsal edilən yaşıl enerjini, o cümlədən külək enerjisini Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya çatdıracaq.
Raymond Kiş, eyni zamanda, Azərbaycanın 2027-ci ilədək Avropaya qaz ixracının illik həcmini 20 milyard kubmetrə qədər artırmaq planlarından bəhs edib. Vurğulanıb ki, bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olacaq və Macarıstan da bundan faydalanacaq. Həmçinin qeyd edilib ki, Azərbaycanla Macarıstan arasında qaz tədarükünə, Macarıstanın kənd təsərrüfatı texnologiyalarının Azərbaycana satışı və aqrar sahədə ikitərəfli iqtisadi əlaqələrə, qeyri-leqal miqrasiyanın qarşısının alınması sahəsində birgə fəaliyyətə və sülh məqsədləri ilə birgə kosmik tədqiqatlar proqramına dair sənədlər iki ölkənin gələcək əməkdaşlığına böyük təkan verəcək.