Moldova KİV-ləri Prezident İlham Əliyevin Macarıstana səfərinə geniş yer ayırıb
Moldovanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri, orada keçirdiyi görüşlərə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “Noi”, “Point”, “Tv8” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan və Macarıstan arasında imzalanan sənədlər, birgə bəyanatda səslənən fikirlər işıqlandırılıb.
Macarıstanın baş naziri Viktor Orbana istinadla qeyd olunub ki, Azərbaycan Avropanın enerji təchizatında əsas ölkədir. Prezident İlham Əliyevə istinadla isə vurğulanıb ki, yaşıl enerji Azərbaycanı Avropaya daha da yaxınlaşdırır.
Məqalələrdə bildirilir ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. “Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”, - deyə İlham Əliyevə çıxışındakı fikirlər yer alıb.