İsveçrə azərbaycanlıları beynəlxalq birlikdən ədalət tələb edirlər
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücum İsveçrədə yaşayan soydaşlarımızda hiddət doğurub.
AZƏRTAC xəbər verir ki, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının və İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının yaydığı bəyanatlarda ölkəmizin İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənib.
İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından dərin narahatlıqlarını ifadə edən soydaşlarımız İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəminə diqqəti cəlb ediblər.
Bu ölkənin Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini sərt şəkildə qınayan soydaşlarımız İsveçrə hökumətini və beynəlxalq ictimaiyyəti regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa çağırıblar.