Ukrayna telekanalı Ermənistan və Rusiya KİV-lərində Azərbaycana qarşı feyk xəbərlərə dair reportaj yayıb
Ukraynanın nüfuzlu “Pryamiy” telekanalı Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil etdikləri etiraz aksiyasına, Ermənistan mətbuatı və Rusiya yönümlü KİV-lərin bununla bağlı feyk xəbərlərinə dair reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına geniş yer ayrılıb. Qeyd edilib ki, ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar səsləndirirlər. Aksiyaçılar humanitar məqsədilə keçən avtomobillərin hərəkətinə maneə olmurlar.
Lakin Ermənistan mətbuatında və Rusiyayönümlü KİV-lərdə guya Azərbaycanın ermənilərin kompakt yaşadığı Xankəndi şəhərində humanitar fəlakət yaratdığı barədə dezinformasiya yayılır. Ancaq, əslində, Qarabağda ermənilərin yaşadıqları ərazilərdə normal həyat şəraiti davam edir.
Reportajda, həmçinin Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenkonun fikirləri yer alıb. Deputat bildirib ki, Qarabağın ermənilərin yaşadığı hissəsində iqtisadi blokada, iqtisadi fəlakət yoxdur, ermənilər normal həyatlarını davam etdirirlər.