ABŞ-ın Yuta ştatının vitse-qubernatoru ölkəmizə səfər edəcək
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Yuta ştatının vitse-qubernatoru xanım Deidre Henderson ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir X.İbrahim Azərbaycanın ABŞ və Yuta ştatı ilə ikitərəfli münasibətləri, habelə ölkəmizin zəngin tarixi, mədəni irsi və tolerantlıq nümunəsi olması barədə Deidre Hendersonu məlumatlandırıb.
Səfir Azərbaycan və Yuta ştatı arasındakı oxşarlıqlara diqqət çəkərək, Yutanın ABŞ-da, Azərbaycanın isə müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkə olmasını vurğulayıb.
Bundan əlavə, X.İbrahim ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi üçün görülən tədbirlər, xarici sərmayədarlar üçün yaradılmış əlverişli mühit, ölkəmizin regional nəqliyyat və enerji habına çevrilməsi və bu istiqamətdə icra olunan irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Xanım Henderson, öz növbəsində, Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiklərini, bütün sahələr, xüsusilə də iqtisadiyyat və sərmayələrin qarşılıqlı cəlb edilməsi üzrə əlaqələrin təşviqinə hazır olduqlarını qeyd edib.
Yuta ştatının alternativ enerji, yüksək texnologiyalar, turizm və kənd təsərrüfatı sahələrində qabaqcıl ştatlardan biri olduğunu vurğulayan vitse-qubernator, qeyd olunan sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu bildirib.
Sonda səfir X.İbrahim Yuta ştatının vitse-qubernatorunu ölkəmizə səfərə dəvət edib. Xanım Henderson dəvəti məmnuniyyətlə qəbul edib.