Ərəb dövlətləri ilə genişlənən münasibətlər: Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinə qısa baxış
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.
AZƏRTAC Azərbaycanın ərəb dövlətləri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinə bir daha nəzər salır.
Qeyd etməliyik ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ovaxtkı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib.
2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci “Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, Bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib.
Həmçinin bu il iyunun 17-də Prezident İlham Əliyev ölkəmizdə keçirilən IX Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib.
Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb.
Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.
Azərbaycanın yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Sonuncu 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.
BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Laçın rayonundan keçən Laçın-Xankəndi yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib.
Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Bu komissiyanın indiyədək 8 iclası keçirilib. Sonuncu iclas 2021-ci ilin noyabrında Dubay şəhərində baş tutub. Səkkizinci iclasın sonunda imzalanan yekun protokolda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, yaşıl enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.
Bundan əlavə, 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda 360 BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır.
2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.
Ötən il martın 15-də Bakıda “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BƏƏ tərəfindən isə energetika və infrastruktur naziri Suhail Əl-Mazrui, “Masdar” şirkətinin baş icraçı direktoru Mohamad Əl Ramahi iştirak ediblər.
2022-ci il iyunun 4-də Bakı Enerji Həftəsinin Şuşa şəhərində keçirilmiş xüsusi sessiya çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur. Belə ki, 2021-ci ildə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 50,42 milyon ABŞ dolları təşkil edib. BƏƏ ilə xarici ticarət saldosu mənfi 22,34 milyon ABŞ dolları olub.
2022-ci ilin yanvar-noyabr aylarında isə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 94,62 milyon ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 36,60 milyon ABŞ dolları olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2022-ci ilin yanvar-noyabr aylarında BƏƏ ilə ticarət dövriyyəsi 2,34 dəfə, o cümlədən ixrac 5,17 dəfə, idxal isə 4,49 faiz artıb.
Eyni zamanda, iki ölkə arasında turizm əlaqələri də genişlənir. 2021-ci ildə Azərbaycan Respublikasına 17 minə yaxın Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı gəlib. 2022-ci ildə Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayı 2 dəfədən çox artıb.
Qeyd edək ki, sabahdan BƏƏ-də Əbu-Dabi Davamlılıq Həftəsi (ADSW) start götürəcək. Əbu-Dabi Davamlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün BƏƏ və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur.
Gələcəyin enerjisi üzrə Əbu-Dabi şirkəti – “Masdar” tərəfindən ev sahibliyi edilən Əbu-Dabi Davamlılıq Həftəsi üç prinsip əsasında yaradılıb - Qlobal əməkdaşlıq və liderlik, İqtisadi inkişaf və texnologiya və İnnovasiya.
Əbu-Dabi Davamlılıq Həftəsi dövlət və özəl tərəfdaşları ilə birlikdə dövlət başçılarını, siyasət xadimlərini, biznes liderlərini və texnologiya sahəsində qabaqcıl şirkətləri toplayan bir sıra tədbirlərə ev sahibliyi edir. Həftə çərçivəsində əsasən Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (İRENA) Assambleyası, Atlantik Şurasının Qlobal Enerji Forumu, “Zayed Dayanıqlılıq Mükafatı” mərasimi, Dayanıqlılıq naminə Gənclər Mərkəzi və digər tədbirlər təşkil olunur.
Ötən il keçirilmiş Əbu-Dabi Davamlılıq Həftəsində BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum və digər ölkə rəsmiləri ilə birgə 150 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.
Həftəsi “COP28-ə gedən yolda iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər” devizi ilə keçiriləcək budəfəki Əbu-Dabi Davamlılıq Həftəsi 2023-cü ilin noyabr-dekabr aylarında BƏƏ-də keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) ərəfəsində davamlı inkişafın əsas prioritetlərinə yönəlmiş bir sıra yüksək səviyyəli sessiyaları əhatə edəcək. Bu dəfə Davamlılıq Həftəsinin Sammiti qida və su təhlükəsizliyi, enerjiyə çıxış, sənayenin dekarbonizasiyası, səhiyyə və iqlimə uyğunlaşma daxil olmaqla müxtəlif vacib mövzulara həsr olunacaq.
2023-cü ildə Əbu-Dabi Davamlılıq Həftəsi BƏƏ-nin İqlim Fəaliyyəti ilində ilk Yaşıl Hidrogen Sammitinə də ev sahibliyi edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikası 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Azərbaycan Prezidentinin Fərmanı ilə 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb (https://sdg.info.az/az).
2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Azərbaycan Respublikasının dayanıqlı inkişaf sahəsində yüksək nəticələri BMT-nin illik Dayanıqlı İnkişaf Hesabatlarında mütəmadi olaraq öz əksini tapır. Ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğu zamandan bəri Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat (KMH) təqdim etmiş dünyada ilk 10 ölkədən biri, regionda isə ilk ölkədir.
“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına təkan verir.