Yaponiya portalı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsinin əsas məqamlarını işıqlandırıb
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayımlanan məlumatlarda Azərbaycan Prezidentinin ötən il ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar, o cümlədən Avropanın enerji təminatında artan rolu, bu istiqamətdə imzalanmış yeni sənədlərin əhəmiyyəti, həmçinin regionda baş verən proseslər, Azərbaycanın nüfuzunun artmasına mühüm təsir göstərəcək yeni layihələr barədə fikirləri əksini tapıb. Yazılarda Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar və regionun iqtisadi inkişafına təsir göstərəcək Zəngilan dəhlizi barədə dövlətimizin başçısının fikirlərinə də geniş yer verilib. Bununla yanaşı, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyasının əsas mahiyyəti barədə obyektiv informasiya yapon ictimaiyyətinə təqdim edilib.
Portalda yayımlanan məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun qüdrətini daha da artırması, ölkəmizin müdafiə sənayesini inkişaf etdirməsi barədə fikirlərinə də geniş yer verilib. Qeyd edilib ki, Ermənistana verilən heç bir müasir silah Azərbaycan Ordusunun qüdrəti qarşısında davam gətirə bilməz.
Məlumatlarda, eyni zamanda, dövlətimizin başçısının Qərbi azərbaycanlıların hüquqları mövzusunun haqlı olaraq beynəlxalq arenaya çıxarılması barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.