Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Asiya Parlament Assambleyası ilə əməkdaşlıq edə bilər
Parlament əməkdaşlıq platformaları xalqın nümayəndələri olan millət vəkillərinin bəşəriyyəti narahat edən problemlərin həlli yollarını tapmaq məsuliyyətinin və daha ədalətli dünya naminə birlikdə işləmək əzminin təzahürüdür. Tarixi missiya həyata keçirən Asiya Parlament Assambleyası Asiya parlamentləri arasında dialoq üçün səmərəli zəmin, yaxın və faydalı əməkdaşlıq imkanları yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasının rəsmi açılış mərasimindəki çıxışında söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi bu təşkilatın fəaliyyətindən bəhs edən S.Qafarova deyib ki, bu qurum da eyni baxışı və prinsipləri bölüşdüyü üçün ümumi məqsədlərə çatmaq naminə Asiya Parlament Assambleyası ilə əməkdaşlıq etməyə hazırdır.
Bugünkü çoxtərəfli sistemin bütün ölkələrə fayda gətirəcək ciddi təkmilləşdirmələrə ehtiyacı olduğunu vurğulayan Milli Məclisin sədri beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmasının, beynəlxalq təşkilatların ikili standartlardan əl çəkmələrinin əhəmiyyətini bildirib. O deyib ki, bu, müasir beynəlxalq münasibətlər sisteminin tələbidir, lakin, eyni zamanda, ədalət və səmimiyyətin bərqərar olması üçün də zəruridir.