Azərbaycanın Baş nazirinin müavini Braziliya Prezidentinin andiçmə mərasimində iştirak edib
Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Braziliyanın yeni seçilmiş Prezidenti Luiz İnasio Lula da Silvanın və yeni vitse-prezident Jeraldo Alkminin təntənəli andiçmə mərasimində iştirak etmək üçün 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 3-dək Braziliyada rəsmi səfərdə olub.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimə çox sayda dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələr və digər rəsmi şəxslər qatılıblar.
Tədbirdə Əli Əhmədov Braziliyanın yeni Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və təbriklərini çatdırıb, ölkəmizin Braziliya ilə münasibətləri daha da inkişaf etdirmək arzusunda olduğunu bildirib. Əvvəlki hakimiyyəti illərində və ondan sonra Azərbaycanın regional təhlükəsizlik və sabitliklə bağlı mövqeyini dəstəkləmiş Prezident Lulaya təşəkkür ifadə edilib, Braziliyanın bundan sonra da ölkəmizə siyasi dəstək verəcəyinə əminlik bildirilib.
Əli Əhmədov, həmçinin Prezident Lulanın xarici siyasət və təhlükəsizlik üzrə müşaviri, keçmiş xarici işlər və müdafiə naziri Selso Amorimlə də görüşüb, onunla iki ölkə arasında münasibətlərin perspektivləri barədə müzakirələr aparıb.
Yanvarın 2-də Baş nazirin müavini Əli Əhmədov Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin və xarici işlər nazirinin birinci müavini xanım Mariya Laura Roşa ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Əli Əhmədov Azərbaycanın regionda lider dövlət olduğunu və ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan rəsmiləri Braziliya ilə yeni siyasi və iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etməyə hazırdır və bunun qarşılıqlı fayda gətirəcəyinə inanır.
Həmçinin diqqətə çatdırılıb ki, bu il Braziliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu münasibətlə ölkələrimizdə bir sıra tədbirlərin keçirilməsi, yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili gözlənilir.