Bakıda Sudanın müstəqilliyinin 67-ci ildönümü qeyd olunub
Sudanın Bakıdakı səfirliyi bu ölkənin müstəqilliyinin altmış yeddinci ildönümü münasibətilə ziyafət təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ziyafətdə Azərbaycanda yaşayan Sudan icmasının nümayəndələri və onların ailə üzvləri iştirak ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Sudan Afrika qitəsində müstəqillik əldə edən ilk ölkələrdən biri olub. Sudan, həmçinin Afrikanın digər ölkələrinin azadlıq hərəkatlarına dəstək verib.
İki ölkə arasında əlaqələrin inkişafına toxunan Mustafa Halim bildirib ki, 2022-ci ildə Azərbaycanın müxtəlif universitetlərində təhsil almaq üçün daha çox sudanlı tələbə qəbul edilib və tələbələr yüksək akademik göstəricilər qazanıblar.
Qeyd edilib ki, Sudan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri hesab olunur və hazırkı səfirlik 1993-cü ilin fevral ayında açılıb.