Zaman birmənalı olaraq Ermənistanın əleyhinə işləyir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan və dünya birliyi tərəfindən tanınan Azərbaycan dövlətinin sərhədləri daxilində yerləşən ərazilərdəki mədənlərdə ermənilər tərəfindən təbii sərvətlərimizin qanunsuz istismarına, bölgədə davam edən ekoloji terrora və aidiyyəti dövlət qurumlarımızın torpaqlarımızda monitorinq həyata keçirilməsinə imkan verilməməsinə etiraz əlaməti olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekoloqlar, ictimai fəallar və media təmsilçilərinin dekabrın 12-də Laçın-Xankəndi yolunda başlatdığı dinc aksiya hazırda da davam etməkdədir. Etirazın dinc xarakter daşıması aksiyada səslənən şüarlarda və çağırışlarda, verilən bəyənatlarda aydın görünür. Mahiyyətində yalnız ekoloji terrora son qoyulmasını, əraziyə müvəqqəti nəzarəti həyata keçirilən sülhməramlı kontingentin bu məsələdə həm də missiyalarından irəli gələrək şərait yaratmağa borclu olmalarını tələb edən aksiya iştirakçılarının çadırlarını yolun üzərində deyil, məhz yolun kənarında qurmaları da yayımlanan foto və videogörüntülərdən aydın görünür. Yolun bizim tərəfdən deyil, Rusiya sülhməramlıları tərəfindən bağlanması da faktdır. Yol necə bağlı ola bilər ki, sülhməramlı kontingentə məxsus ərzaq və digər təminat yüklərini, hərbi heyət üzvlərini daşıyan nəqliyyat vasitələri yolda sərbəst hərəkət edirlər. Hətta Azərbaycanın Xankəndi şəhərində və digər yaşayış məntəqələrində yaşayan Azərbaycan vətəndaşları olan erməni xəstələrini daşıyan təcili tibb yardım avtomobillərinin yoldan istifadə etməsini təsdiq edən görüntülər var. Biz bu aksiyanın birinci günündən məqsədimizin yolu bağlamaq deyil, haqlı tələblərimizin təmin olunması üçün şəraitin yaradılması olduğunu bəyan etmişik. Birmənalı olaraq deyə bilərik ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçidlərə, mülki avtomobillərin sərbəst hərəkətinə hər hansı problem yaradılmayıb və yaradılmır.
Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, dünyada ekoloji tarazlığın pozulmasının qarşısını almağı fəaliyyətlərinin əsas məramları olaraq qəbul edən ekoloji yönümlü beynəlxalq təşkilatlar 30 illik işğal zamanı tutduqları mövqeyə uyğun olaraq bu gün də bizim çağırışlara müsbət cavab verməyiblər və mədənlərimizdə qanunsuz ekoterror həyata keçirən ermənilərə qarşı hər hansı mövqe nümayiş etdirməyiblər. Bu gün də, Ermənistan tərəfi Laçın–Xankəndi yolundan qeyri-qanunu hərbi və iqtisadi məqsədlər üçün istifadə etməkdə davam edir. Halbuki, istənilən ölkənin suveren ərazisinə digər ölkədən daşınan yüklərə gömrük baxışı və sərhəd nəzarəti həyata keçirilməlidir. Bütün bu prosedurların təmin edilməməsinin nəticəsidir ki, sülhməramlı kontingentin nəzarətindəki bu yoldan hərbi silah-sursat və Azərbaycan ərazilərində basdırılması məqsədilə Ermənistan istehsalı olan minalar daşınır. Azərbaycan tərəfinin bu qanunsuzluqlarla bağlı çağırışları cavabsız və nəticəsiz qaldığı halda, Kanada və Litvanın Xarici İşlər nazirlikləri Laçın-Xankəndi yolu üzərindəki dinc aksiyanın mahiyyət və məqsədini kobud təhrif edən bəyanatlar səsləndiriblər.
Litva Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ” adlandırmaqla sülh prosesində nə qədər maraqlı və ədalətli tərəf olmasını da, məsələyə qərəzli yanaşma nümayiş etdirməsini də aydın göstərir. Münasibətlərində qeyri-obyektivlik və qərəz nümayiş etdirən ölkələr dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə təəssüf ki, hörmətsizlik edirlər. Fransanın "Le Monde" qəzeti Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazlarına dair həqiqəti əks etdirməyən yazı ilə çıxış edərək növbəti dəfə qərəz və böhtan yazmaqdan çəkinmir. Təəssüf ki, Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniya isə genişlənməkdə davam edir. Hər zaman tolerant dövlət olaraq torpaqlarımızda yaşayan erməni əsilli əhaliyə qarşı ən humanist mövqelərimizi bəyan etmişik və bizim problemimiz bölgədə yaşayan dinc erməni əhalisi olmayıb və deyil. Dövlətimiz onların humanitar ehtiyaclarını qarşılamağa, yaşayışlarını ən yüksək səviyyədə təmin etməyə, təhlükəsizliyinə, monoetnik Ermənistandan fərqli - tolerantlıq nümunəsi olan ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi tam bərabərhüquqlu vətəndaşlarımız olaraq sülh şəraitində yaşayacaqlarına tam zəmanət verir. Dövlətimizin başçısı bunu hər zaman bəyan edir. Əlbəttə, bundan yüksək zəmanət ola bilməz və bu kimi məsələlərdə hansısa dövlətin çirkli məqsədlər naminə qarşıdurma cəhdləri yersizdir.
“Yuxarıda adları çəkilən dövlətlərdən və digər beynəlxalq güclərdən dəstək alan Vardanyan-Harutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlarımızla əsirlər kimi rəftar edirlər. Məqsəd həyata keçirdikləri təbii sərvətlərimizdən talançılıq məqsədilə istifadənin məsuliyyətindən yayınmaq niyyəti və bölgədə sülhün təmin olunmasını ləngitməkdir. Onlar unudurlar ki, "dəmir yumruq" yerindədir və biz erməni millətindən olan vətəndaşlarımızı onların əsarətindən gec-tez, amma mütləq azad edəcəyik. Biz bölgədə sülhə nail olmaqla onların Xankəndi və digər şəhərlərimizdə girov kimi davrandıqları vətəndaşlarımızı da bu cinayətkarların zülmündən birdəfəlik azad edəcəyik. Bizə yaxşı məlumdur ki, Vardanyan-Harutyunyan cinayətkar cütlüyünün girovuna çevrilmiş dinc erməni əhalisi onların qanunsuz tələblərinə qarşı müxtəlif yollarla etirazlarını bildirirlər. Xankəndi sakinlərinin sosial şəbəkə hesabları nəzarətdə saxlanılır və izlənilir. Onların qanunsuz əməllərinə qarşı çıxan dinc erməni əhalisinə təzyiqlər edilir və onlar təhdid olunurlar. Bir neçə gün əvvəl hətta etiraz səsini ifadə edən bir neçə erməni əsilli vətəndaşımızı cəzalandırmaq üçün onlara xüsusi işgəncə verilməsini əks etdirən videogörüntülər regionda sülhü təhdid edən əxlaqsız quldur rejimin növbəti cinayətlərinin sübutudur. Vardanyan-Harutyunyan separatçı quldur dəstəsi dinc əhalinin istifadəsi üçün açıq olan Laçın-Xankəndi yolundan mülki əhalinin istifadəsinə nəinki maneçilik törədirlər, hətta bu yoldan istifadəni də dinc mülki əhali üçün qadağan ediblər. Bununla da guya ermənilərin yaşadığı yaşayış məntəqələrimizdə saxta böhran, ərzaq qıtlığı yaşadıqlarının görüntüsünü və beynəlxalq aləmdə azərbaycanlılardan ermənilərə qarşı düşmən obrazı yaratmaq niyyətini güdürlər”, - deyə İ.Orucov vurğulayıb.
Onun sözlərinə görə, Xankəndidə yaşayan ermənilərin guya narazılıq ifadə etmələrini görüntüləmək məqsədilə mitinqlər təşkil olunur. Maraqlı məqamlardan biri də insanları zor gücünə, qorxudaraq mitinqlərdə iştiraka təhrik etməkdir. Dinc erməni vətəndaşlarımız işdən qovulmaqla hədələnirlər, onlara mitinqdə iştirak etmək müqabilində pullar paylanır, iştirak etmək istəməyənlərə fiziki güc tətbiq edilir. Məqsəd daha çox insanın meydanlara çıxmasına nail olmaq və yuxarıda qeyd etdiyimiz kimi, guya insanların düşdüyü aciz və çıxılmaz durumda olması fonunu göstərməkdir. Bu fonu yaratmaqda həm də xarici ölkələrdəki erməni diaspor təşkilatları daha çox maraqlıdırlar və onlar düşünürlər ki, belə yolla onlar əlavə siyasi dəstək əldə edə biləcəklər.
Vətən müharibəsində rüsvayçı məğlubiyyətlərini həzm edə bilməyən, başda Ermənistanın baş naziri Paşinyan olmaqla, bu ölkənin siyasi rəhbərliyi, diaspor fəalları, həmçinin bu ölkəyə siyasi, hərbi və iqtisadi dəstək verən dövlətlər və beynəlxalq güclər Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının dinc aksiyası barədə kifayət qədər qərəzli, böhtan xarakterli təbliğat aparmaqla məşğul olduqlarını vurğulayan İ.Orucov deyib: “Ordusunun şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsini görəndə rüsvayçı bir durumda məlum kapitulyasiya aktını imzalamağa məcbur edilən Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişindən yayınmaq məqsədilə qeyri-ciddi və fərqli davranışlar nümayiş etdirir. Çıxış yolunu gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin prosesə müdaxiləsində axtarır, sərsəm ideyalarına dəstək ala bilməyəndə isə bölgəyə kənar güclərin gətirilməsi ilə bağlı çıxışlar edir. Amma bu cəhdlər əbəsdir və artıq gecdir. Zaman birmənalı olaraq onların əleyhinə işləyir və onlar nə qədər tez avantürist planlarından, sülhə təhdid yaradan çirkin əməllərindən və daşnak xislətlərindən əl çəkərək barışığın, birgə yaşayışın yeganə çıxış yolu olduğunu dərk edə bilsələr, o zaman bölgədə sülh bərqərar olacaq, əks halda "dəmir yumruğ"un gücünü hər zaman hiss edəcəklər”.
İlqar Orucov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ermənilərin yaşadığı ərazilərimizə hər hansı siyasi status verilməyəcəyi ilə bağlı qəti və konkret mövqeyi ortadadır. Azərbaycan ərazilərində yaşayan erməni əsilli vətəndaşlarımızı əsarətdə və girovluqda saxlayan Vardanyan-Harutyunyan cütlüyü və onların rəhbərlik etdiyi terrorçu ünsürlərin zərərsizləşdirilməsi üçün, görünür növbəti antiterror tədbirlərinə ehtiyac var və bu cinayətkar ünsürlər mütləq şəkildə Azərbaycan qanunları qarşısında cavab verməlidirlər və verəcəklər. O zaman Qarabağdakı erməni əsilli dinc vətəndaşlarımızla nəhayət ki, sülh şəraitdə birgəyaşayışa nail olacağıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin