Xəbər lenti
Dəmir yumruq » Siyasət » Fransanın Cənubi Qafqaz və Qarabağla bağlı niyyəti nədir? RƏY
Siyasət / 30-12-2022, 15:56

Fransanın Cənubi Qafqaz və Qarabağla bağlı niyyəti nədir? RƏY

1997-ci ildə Fransanın eks-prezidenti Jak Şirakın Ümummilli Lider Heydər Əliyevə xahişi ilə bu ölkənin ATƏT-in Minsk qrupunda üç həmsədrdən biri olmasından indiyədək rəsmi Parisin əsas məqsələrindən biri Qarabağ münaqişəsinin ədalətli şəkildə nizamlanmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi və Qarabağın ya Ermənistana birləşdirilməsi, həmçinin Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması olub. Məhz buna görədir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə 28 il davam etdi. 2020-ci ildə sentyabr 27-də Ermənistanın çoxsaylı təxribatları və yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Azərbaycan həmin təxribatlara cavab verməli oldu ki, bu da İkinci Qarabağ savaşının başlaması ilə nəticələndi. Əlbəttə, əvvəllər olduğu kimi, müharibə dövründə də Fransanın Ermənistana və ermənilərə dəstəyi dayanmadı. Hətta müharibənin davam etdiyi zaman - 2020-ci il oktyabrın 3-də Fransa parlamenti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yerləşən qondarma rejmi “Dağlıq Qarabağ respublikası” adı ilə tanıdığını bəyan etdi. Əlbəttə, Fransa tərəfindən atılan addımın heç bir hüquqi əsası yox idi. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Ermənistanın özü belə həmin qondarma rejimi tanımayıb. Bu isə ondan xəbər verir ki, Fransa həm erməni lobbisinin girovuna çevrilib, həm də regionda öz maraqlarına xidmət edən siyasəti güdür. Ötən ilin dekabrında Fransada prezidentliyə namizəd Valeri Pekresin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsi rəsmi Parisin niyyətini bir daha ortaya qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov söyləyib.

“Fransanın Azərbaycana qarşı düşmən mövqeyi bir daha göstərdi ki, Qarabağ münqişəsinin uzun illər həll edilməməsinin səbəbkarlarından biri də məhz odur. Oktyabr ayında Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdən iki gün sonra Fransa televizyasına açıqlama verən Makronun açıqlamaları bu ölkəni Azərbaycanın tələbi ilə münaqişədə vasitəçilik missiyasından kənarda qoydu. Şübhəsiz ki, Fransanın Azərbaycana qarşı atdığı addımlar bununla da yekunlaşmadı. Noyabrın 15-də Fransa Senatında Azərbaycana qarşı qətnamə qəbul edildi, bu, rəsmi Parisin artıq açıq oyun oynadığına işarə idi. Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin nizamlanmasına dəstək vermək əvəzinə, Fransanın Cənubi Qafqazda özünün maraqlarını təmin etmək üçün məsələnin daha da uzanmasına tərəfdar olduğunu görən ölkəmiz isə onun vasitəçiliyindən haqlı olaraq imtina etdi. Məhz bu səbəbdəndir ki, Fransa tərəfi bütün variantlardan istifadə edərək münaqişənin həllində yenidən vasitəçi olmağa can atır.

Buna görədir ki, ermənipərəst mövqeyi ilə tanınan Fransa Prezidenti Emmanuel Makron beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq beynəlxalq humanitar təşkilatların Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi üçün heç bir əsasa uymayan çağırışlar edir. Bu çağrışların indiyədək olmadığı kimi, bundan sonra da hansısa nəticə verəcəyinə nə Fransanın, nə də ermənilərin inamı qalmayıb. Fransa tərəfinin Ermənistan üzərindən Canubi Qafqazla bağlı oynadığı oyunlar və atdığı addımlar onu göstərir ki, onun əsas məqsədi müxtəlif variantlardan istifadə etməklə regiona daxil olmaq və orada möhkəmlənmək niyyətindədir. Görünür, Fransa hələ də anlamaqda çətinlik çəkir ki, Qarabağ beynəlxalq hüquq tərəfindən Azərbaycanın suveren ərazisi olaraq tanınır və qəbul edilir. Atdığı addımlar göstərir ki, Fransa beynəlxalq hüquqdan ya xəbərsizdir, yaxud da bilərəkdən onu pozur. BMT Nizamnaməsində qeyd edilib ki, hər hansı ölkənin ərazisinə humanitar missiya göndərmək lazımdırsa, bu proses yalnız həmin ölkənin razılığı əsasında baş tuta bilər. Buna görə də bu məsələdə Azərbaycanın razılığı mütləqdir və rəsmi Bakının belə missiyaya icazə vermək niyyəti yoxdur. Rəsmi Bakı hər zaman açıq şəkildə bildirib ki, əgər Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hər hansı humanitar çətinlikləri olarsa, dövlətimiz onların problemlərini həll etmək üçün kifayət qədər imkana malikdir və həmin ərazinin təbii qazla pulsuz təminatı bunu sübut edir”, - deyə S. Hümbətov diqqətə çatdırıb.

Samir Hümbətov vurğulayıb ki, həm ermənilərin, həm də Fransanın Azərbaycanın Qarabağ bölgəsində guya 120 mindən çox erməninin yaşaması ilə bağlı reallıqdankənar iddialarının heç bir hüquqi əsası yoxdur. Çün ki, Azərbaycanın Xankəndi şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi var və onunla mütəmadi əməkdaşlıq davam etdirilir. Azərbaycan tərəfi hər zaman bildirib ki, orada yaşayan ermənilər üçün hər hansı çətinlik yaranarsa, o, ya Azərbaycana birbaşa müraciət, ya da Qırmızı Xaç Komitəsinin vasitəsilə həllini tapa bilər. Onu da bildirməliyik ki, separatçı rejim tərəfindən Azərbaycan təbii sərvətlərinin qanunsuz istismarı ilə əlaqədar Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəallar tərəfindən keçirilən etiraz mitinqlərinə baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri və onların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin ərazidən keçməsinə heç bir maneə yaradılmır.

Bütün bunlar göstərir ki, Azərbaycanın niyyəti təmiz, mövqeyi birmənalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.