Gürcüstan portalında erməni separatçılarının cinayətlərindən bəhs olunub
Acarıstan Muxtar Respublikası ərazisində yayımlanan və geniş oxucu auditoriyasına malik “Adjara.PS” qəzetində və eyni adlı portalında “Azərbaycan torpağında gizlənən erməni “sürprizi”, Ermənistan istehsalı olan minaların Azərbaycan ərazisində yerləşdirilməsinin davam etdirilməsi” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə dərc olunan məqalədə Ermənistanın Azərbaycan ərazisinə minaları yerləşdirməyə davam etməsindən və separatçıların digər cinayətlərindən bəhs olunur.
Bildirilir ki, Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında həyata keçirdiyi minatəmizləmə əməliyyatları zamanı aşkar olunmuş minalardan məlum olub ki, həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Buradan belə çıxır ki, həmin minalar Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin imzalanmasından sonra yerləşdirilib. Həmin minaların mülki əhali üçün ciddi humanitar təhlükə yaratdığı və bu faktın Ermənistan rəhbərliyinin yürütdüyü işğalçılıq siyasətinin davam etdiyinə daha bir tutarlı sübut olduğu qeyd edilir.
Diqqətə çatdırılır ki, Azərbaycan 2020-ci ilə qədər ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən dünyada ən çox mina/partlayıcı (ERW) ilə çirklənmiş ölkələrindən biridir. Bu, Ermənistanın Azərbaycan ərazilərinin qanunsuz işğalı zamanı yerləşdirdiyi minaların aşkar edilməsi üzrə əməkdaşlıq etməməsi ilə yanaşı, hərbi cinayətdir və buna görə məsuliyyəti Ermənistan daşıyır.
Məqalədə qeyd olunur ki, mina qurbanlarının sayının artması təcili diqqət tələb edən fövqəladə humanitar vəziyyət yaradıb. Azərbaycan hökuməti bununla bağlı genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları aparır və yeni faktlar onu təsdiq edir ki, Ermənistan Azərbaycan ərazisində minaları yerləşdirməyə davam edir və bu minaların yaratdığı humanitar təhlükəni daha da artırır.
Müəllif Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi minatəmizləmə əməliyyatları, ermənilərin bu minaları daha çox hansı ərazilərdə yerləşdirmələri, mina qurbanlarının sayı barədə ətraflı məlumat verir.
Bildirilir ki, ki, son 30 ildə mina qurbanlarının sayı 3336 nəfərdir və onların da 357 nəfəri uşaqlar, 38-i isə qadınlardır. Bir fikir xüsusi vurğulanır ki, Ermənistanın minaların yerləşdirilməsini davam etdirilməsi beynəlxalq hüququn və öhdəliklərin kobud şəkildə pozulmasıdır. Ermənistanın bu cür hərəkətləri regionda sabitliyə, sülhə və əməkdaşlığa ziddir. Bu eyni zamanda, Ermənistan rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətin davam etdiyini sübut edir.
Ermənistan minaların yerləşdirilməsini davam etdirməklə, həmçinin genişmiqyaslı reabilitasiya və yenidənqurma işlərinin həyata keçirilməsinə mane olmağa və 30 ilə yaxın davam edən etnik təmizləmədən sonra yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq kimi ayrılmaz hüququnun reallaşmasının qarşısını almağa cəhd edir.